AZ

“Hamburq” Bundesliqaya darmadağınla qayıtdı

“Hamburq” növbəti – 2025/2026-cı illər mövsümündə Almaniya Birinci Bundesliqasında iştirak hüququnu təmin edib.

Arena.az məlumat verir ki, Almaniya İkinci Bundesliqasının 33-cü turunda evdə “qapazaltı” “Ulm 1846” ilə üz-üzə gəlmiş bu komanda “sərçələr”i 6:1 hesabı ilə “yolub”.

Beləliklə, yarışın başa çatmasına bir tur qalmış “dinozavrlar” Almaniya Birinci Bundesliqasına vəsiqə əldə ediblər.

33 oynudan 59 xalla “Hamburq” yarış cədvəlinin zirvəsində qərarlaşıb. Sonuncu, 34-cü turda “Qroyter Fürt”ə qarşı səfər oyunu sözügedən komanda üçün İkinci Bundesliqanının çempionluğunu təmin etmək baxımından əhəmiyyətli olacaq. Bu ada 58 xalla 2-ci pillədə qərarlaşmış “Köln” də iddialıdır. Həmçinin “Köln” Birinci Bundesliqaya birbaşa vəsiqə uğrunda sonuncu turda “Kayzerslautern”i məğlub etməlidir, əks halda “keçilər” hadisələrin gedişatından asılı olaraq, Birinci Bundesliqaya həsrət qala bilərlər.

33 turdan sonra Almaniya İkinci Bundesliqasından Birinci Bundesliqaya çıxmağa indi daha dörd klub iddia edir: “Köln”, “Elversberq”, “Paderborn” və “Fortuna”.

33 turdan sonra ilk beşlik belə sıralanıb:

  1. “Hamburq” – 59 xal;
  2. “Köln” – 58 xal;
  3. “Elversberq” – 55 xal;
  4. “Paderborn” – 55 xal;
  5. “Fortuna” – 53 xal.

Xatırladaq ki, 1-ci və 2-ci yerləri tutacaq komandalar Birinici Bundesliqaya birbaşa vəsiqə qazanırlar. 3-cü yerin sahibi olacaq komanda isə ələmə oyunları vasitəsi Birinci Bundesliqaya vəsiqəni təmin etməyə çalışacaq.

Seçilən
0
arena.az

1Mənbələr