AZ

Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas sütunudur - Sevil Mikayılova

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf iqtiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur. Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən parlaq və dahi şəxsiyyətidir. Siyasi liderin dövlətçilik fəaliyyəti, strateji baxışı və xalqına olan sarsılmaz sevgisi Azərbaycan Respublikasının müstəqil, güclü və sabit dövlətə çevrilməsində həlledici rol oynayıb. 

Dövlət xadimi Heydər Əlirza oğlu Əliyev 1941-ci ildən etibarən təhlükəsizlik orqanlarında çalışaraq SSRİ dövlət aparatında mühüm vəzifələrdə çalışıb. 1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilməsi ilə onun Azərbaycan rəhbərliyində mühüm rolu başlayıb. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilərək SSRİ-nin ən yüksək hakimiyyət orqanlarından birinə daxil olub. Bu dövrdə o, həm Azərbaycana, həm də digər Sovet respublikalarına yardım və dəstək göstərmək üçün geniş imkanlar əldə edib. O, 1987-ci ildə SSRİ rəhbərliyində baş verən dəyişikliklərlə əlaqədar olaraq vəzifəsindən istefa verib. 1993-cü ildə isə xalqın təkidi ilə Heydər Əliyev Bakıya dəvət olunub və ölkənin Prezidenti seçilib. Ümummilli Lider bütün imkanları səfərbər edərək ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qoruyub. O, müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə sənayeləşmə, təhsil, mədəniyyət və şəhərsalma sahələrində böyük irəliləyişlər əldə olunub. Onun təşəbbüsü ilə yüzlərlə zavod, fabrik, məktəb və mədəniyyət ocaqları inşa olunub. Ən əsası isə, azərbaycanlıların SSRİ-nin rəhbər strukturlarında təmsil olunmasına nail olub. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub.
Həmçinin, XX əsrin sonlarından etibarən azərbaycançılıq ideyasının sistemli şəkildə dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı yalnız bir ideya kimi deyil, eyni zamanda dövlət siyasətinin əsas istiqaməti kimi qəbul edib, bu anlayışı ölkənin daxili və xarici siyasətində əsas dayaq nöqtəsinə çevirib. Ümummili Lider siyasi fəaliyyətinin bütün mərhələlərində azərbaycançılıq ideyasına böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycançılıq bizim milli fəlsəfəmizdir. Əlbəttə ki, bu ideya milli həmrəylik, vətənə sədaqət, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması kimi prinsiplərə əsaslanır. Eyni zamanda, Azərbaycanda yaşayan müxtəlif etnik və dini qrupların vahid dövlətçiliyə sadiqliyini təşviq edən amildir. Fenomen şəxsiyyətin zamanı dərk və iti qərar qəbul etmək qabiliyyəti bir xalqın taleyini dəyişdi, dövləti və dövlətçiliyi aydın yola çıxardı. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təhsil sistemində Azərbaycan tarixi və mədəniyyətinə dair fənlərin mövqeyi gücləndirildi, dövlət dili kimi Azərbaycan dilinin statusu möhkəmləndirilib. 
Şübhəsiz, Azərbaycanda fikir plüralizminin və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik prinsiplərin gücləndirilməsinə yönəlmiş siyasətinin əsas prioritetlərindən biri idi. Milli mətbuatın məhz demokratik təməllərə əsaslanaraq inkişafı, gənc müstəqil Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirərək, dünyəvi dəyərlərə inteqrasiyasını sürətləndirdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı.  Əlbəttə ki, azərbaycançılıq məfkurəsinin yaradılması və dövlət ideologiyasına çevrilməsi Heydər Əliyevin həyata keçirdiyi strateji dövlət quruculuğu siyasətinin ən əsas və ayrılmaz tərkib hissələrindən biri olub. Bu məfkurə onun rəhbərliyi ilə ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks islahatların ideoloji əsası kimi çıxış etmiş, Azərbaycanın müstəqil, sabit və güclü dövlətə çevrilməsində həlledici rol oynamışdır. Həmçinin, Azərbaycanda fikir plüralizminin və söz azadlığının təşviqi və inkişafı Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi demokratik cəmiyyət quruculuğu siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. O, müxtəlif düşüncə və baxışların sərbəst şəkildə ifadə olunmasını, fərqli ictimai və siyasi mövqelərin cəmiyyətdə özünə yer tapmasını demokratik inkişafın fundamental şərti kimi qiymətləndirib. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə daha geniş imkanlar yaradılmış, senzura ləğv olunmuş, jurnalistlərin və vətəndaş cəmiyyətinin institutlarının inkişafına şərait formalaşdırılmışdı. Bu siyasət nəticəsində cəmiyyətdə sağlam tənqid mühiti, açıq dialoq və ictimai diskussiyalara şərait yaranmış, bu isə demokratik dəyərlərin möhkəmlənməsində və hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında və, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. 
Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev üçün Azərbaycanın gələcəyi məhz gənclərlə bağlı idi. Onun siyasi kursunun ən önəmli istiqamətlərindən biri gənclərin inkişafı, təhsili, vətənpərvər ruhda yetişdirilməsi və cəmiyyətin fəal üzvünə çevrilməsi olub. O, gəncləri yalnız ölkənin siyasi və iqtisadi həyatında deyil, həm də mədəniyyət, təhsil və elm sahələrindəki uğurların təminatçısı kimi görürdü. Onun rəhbərliyi ilə həyata keçirilən bir çox islahatlar gənclərin potensialını üzə çıxarmağa yönəlmişdi. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti Azərbaycan dövlətinin prioritetlərindəndir. O, gənclərin hər bir sahədə irəliləməsi üçün mükəmməl zəmin yaratmış və bu, Azərbaycanı daha da inkişaf etdirmək üçün əvəzsiz bir güc olub. Heydər Əliyev dəfələrlə vurğulayırdı: "Gənclər bizim gələcəyimizdir". Bu baxış onun dövlət siyasətində gənclərə yönəlik məqsədyönlü və ardıcıl tədbirlərlə özünü göstərib. Siyasi liderin gənclər siyasəti uzaqgörən, strateji və milli maraqlara əsaslanan bir siyasət idi. Onun bu sahədə gördüyü işlər bu gün də öz bəhrəsini verir. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət nəticəsində Azərbaycanda savadlı, fəal, milli ruhda formalaşmış gənclik yetişməkdədir. Onun gənclərə olan inamı və sevgisi bu sözlərində aydın ifadə olunurdu. Ulu Öndər Heydər Əliyev deyirdi ki, mən hər bir gəncə inanıram, güvənirəm və əminəm ki, siz Azərbaycanın gələcəyini daha da parlaq edəcəksiniz.
Həmçinin, Ulu Öndər Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Siyasi liderin yürütdüyü siyasət nəticəsində Azərbaycançılıq ideyasının inkişafında milli-mənəvi dəyərlərə, tolerantlıq ənənəsinə və multikulturalizmə xüsusi yer verilib. Onun rəhbərliyi dövründə milli bayramların bərpası, tariximizin saxtalaşdırılmasına qarşı mübarizə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli diaspor fəaliyyətinin gücləndirilməsi bu ideyanın təbliğində mühüm rol oynayıb. O, ölkənin ictimai-siyasi həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açıb. Ümummilli Lider digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. O, bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, onları yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Beləliklə, Azərbaycan diasporu yeni bir inkişaf yoluna qədəm qoydu. Bu yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildi və davamlı olaraq həyata keçirilir. Böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti dünya ölkələrində Azərbaycanın tanımasına təkan verdi. Dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu məhz Heydər Əliyevin diaspora quruculuğu siyasətinin məntiqidir. Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Ulu Öndərin ideyaları özündən sonrakı mərhələlərdə də davam etdirilməsi diaspora quruculuğuna töhfələrini verir. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir.

Böyük strateq Heydər Əliyevin irsi bu gün də ölkənin inkişafının əsas dayaqlarından biridir. Sağlığında xalqının ürəyində canlı bir əfsanəyə çevrilmiş, həm siyasi müdrikliyi, həm də ölkəsinə olan dərin sevgisi ilə yaddaşlarda əbədi iz buraxmış böyük dövlət xadiminin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas sütunudur. Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümündə onu böyük ehtiramla anaraq, qürurla qeyd edirik ki, dahi liderin irsini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz Zəfər və yeni reallıqlar, Azərbaycanın dünya siyasi xəritəsində qazandığı mövqeyi sayəsində azərbaycanlı olmaq əslində böyük fəxarətdir!

Sevil Mikayılova
Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin deputatı


Seçilən
0
50
milli.az

10Mənbələr