AZ

"Dünyanın ən varlı insanlarından biri demək olar ki, bütün sərvətini paylayır" - BBC

 
"Ölümümdən sonra insanların "varlı birisi kimi öldü" deməsini istəmirəm..."
 
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts təxminən 200 milyard dollar olan sərvətinin demək olar ki, hamısını xeyriyyəçiliyə sərf etmək niyyətində olduğunu bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Milyardçının açıqlamasında deyilir ki, o, ölümündən sonra insanların "varlı biri kimi öldü" deməsini istəmir, çünki dünyada təcili həll tələb edən çoxsaylı problemlər mövcuddur. Qeytsin planına əsasən, onun Fondu növbəti 20 il ərzində vəsaitləri xeyriyyə təşkilatlarına ötürəcək və 31 dekabr 2045-ci ilədək fəaliyyətini başa çatdıracaq.
 
"Qeyts Fondu mövcud olduğu ilk 25 ildə, Uorren Baffetin səxavəti ilə dəstəklənərək, 100 milyard dollardan çox vəsait xərcləyib. Növbəti iki onillikdə biz bu məbləği ikiqat artıracağıq. Dəqiq rəqəm bazarlardan və inflyasiyadan asılı olacaq, lakin gözləyirəm ki, fond 200 milyard dollardan çox vəsait xərcləyəcək", - milyardçı yazıb.
 
O, ümid edir ki, onun vəsaiti anaların və körpələrin ölümlərinin qarşısının alınmasına, ölümcül yoluxucu xəstəliklərin aradan qaldırılmasına və yüz milyonlarla insanın yoxsulluqdan çıxarılmasına kömək edəcək. Qeyts, həmçinin, süni intellekt sahəsindəki nailiyyətlərin onun ianələri ilə birlikdə bu sahələrdə irəliləyişi sürətləndirəcəyinə inanır.
 
"Qeyts Fondu mənim ianə fəaliyyətimin şübhəsiz ki, ən mühüm hissəsidir, amma yeganə yolu deyil. Mən həm enerji innovasiyalarına, həm də Altsheymer xəstəliyi üzrə tədqiqat və inkişaf işlərinə həm vaxt, həm də vəsait sərf etmişəm. Bu günkü açıqlama bu sahələrə yanaşmamı dəyişmir", - biznesmen vurğulayır.
 
2000-ci ildə həyat yoldaşı Melinda Frenç Qeytslə birgə (2021-ci ildə boşanıblar) təsis olunmuş Qeyts Fondu artıq 100 milyard dollardan çox vəsaiti peyvəndlərin hazırlanması, diaqnostik alətlər və qlobal xəstəliklərlə mübarizə mexanizmlərinin inkişafına yönəldib.
 
CNN telekanalının "müasir tarixdə ən böyük xeyriyyə öhdəliyi" adlandırdığı bu açıqlama ianələrin sürətini əhəmiyyətli dərəcədə artırır. Hazırda Bill Qeytsin sərvəti 108 milyard dollar olaraq qiymətləndirilir ki, bu da onu dünyanın ən varlı beşinci insanı edir. Onun sözlərinə görə, 2045-ci ilədək sərvəti 99 faiz azalacaq.
Seçilən
0
moderator.az

1Mənbələr