BAKI, 9 may. TELEQRAF
Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından Teleqraf-a verilən məlumata görə, Bakıda Azərbaycanın həm kişi, həm də qadın millilər əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibraət komanda B qrupunda Kanada və Böyük Britaniya yığmalarına qarşı, qadınlar isə B qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaq.
Kişilərin yarışlarında A qrupunda Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə A qrupunda Çili, Çin Taypeyi və Braziliya milliləri qruplardan çıxmağa çalışacaqlar.
Azərbaycanın kişilərdən ibarət millisi ilk oyununu mayın 24-də Kanadaya qarşı, qadınlar Misirə qarşı keçirəcək.
Qeyd edək ki, "Sea Breeze" istirahət mərkəzində baş tutacaq kişi və qadın kateqoriyalarında reqlamentə əsasən seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq. Dünya Kubokunun oyunları 23-29 iyun Monqolustanın paytaxtı Ulan-Bator şəhərində baş tutacaq.