Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
"Unikal" xəbər verir ki, konfransda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ötən 30 ildə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə, qəbul edilən qərarlar, həyata keçirilən islahat və kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində bu sahədə atılan addımlar sonrakı illərdə kənd təsərrüfatında davamlı inkişaf üçün etibarlı zəmin yaradıb. Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatların həyata keçirilməsi məqsədilə genişmiqyaslı tədbirlər görür. Bu tədbirlər bütövlükdə fermerlərin rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Konfransdan sonra nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti və tələbələrlə görüşüb. Görüş zamanı aqrar təhsilin inkişafı, müasir tələblərə uyğun kadr hazırlığı, elmi tədqiqatların təşviqi və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi məsələləri müzakirə olunub. Nazir Məcnun Məmmədov universitetin aqrar sahədə ixtisaslı mütəxəssis hazırlığında roluna toxunub, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübə proqramlarında iştirak imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecinə baş çəkib, kadr hazırlığı prosesinin təşkili ilə maraqlanıb. Bildirilib ki, kollec aqrar sahədə müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə vəzifələrin icrasına imkan verən, nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlayır.
Nazir həmçinin ADAU-nun yenilənmiş mətbəəsi ilə də tanış olub, Biotexnologiya Mərkəzi üçün inşa edilən yeni istixanaya baş çəkib.