Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədər “Heydər Əliyev- müstəqilliyimizin və suverenliyimizin banisi” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xaçmaz rayonu Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair fotostendlərlə tanışlıq olub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqədardır. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz rayonu Heydər Əliyev mərkəzinin direktoru Könül Əsgərova, şəhid anası Natavan Tarverdiyeva, Vətən Müharibəsi iştirakçısı Niyaməddin Qədirov və “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi Mövlüd Əhmədov Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dönəmlərdə bütün sahələr inkişaf edib.
Konfransda Ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi olan Mövlüd Əhmədov Fəxri Fərman və xatirə hədiyyəsi ilə mükafatlıandırılıb.
Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Məşələ çevrilən həyat” filmi nümayiş etdirilib.







