Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir.
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Gənc yaşlarından elmə, mədəniyyətə və ictimai fəaliyyətə böyük maraq göstərən Heydər Əliyev 1939-cu ildə Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU) təhsil almışdır. İkinci Dünya müharibəsi başladıqdan sonra Heydər Əliyevin təhsili yarımçıq qalmışdır. Həmin dövrdə mühüm dövlət strukturlarında çalışmış və gənc yaşlarından etibarən milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələr tutmuşdur. 1944-cü ildə təhlükəsizlik orqanlarında işləməyə başlayan Heydər Əliyev bu sahədə yüksək ixtisaslı kadr kimi yetişmiş, Sankt-Peterburqda xüsusi ali təhsil almış və 1964-cü ildən etibarən Azərbaycan SSR-in DTK sədrinin birinci müavini, 1967-ci ildə isə DTK-nın sədri vəzifəsinə təyin olunmuşdur. Onun bu sahədə fəaliyyəti milli maraqların qorunması və peşəkar dövlətçilik ənənələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev ölkədə köklü islahatlara başladı. Onun rəhbərliyi ilə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində əhəmiyyətli inkişaf baş verdi. Milli kadrların hazırlanması, Azərbaycanın iqtisadi potensialının artırılması və mədəni irsin qorunması bu dövrün mühüm nailiyyətləri sırasında yer alır. 1982-ci ildə Sovet İttifaqının rəhbərliyinə yüksələn Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. O bu vəzifədə çalışarkən ittifaq miqyasında sosial-iqtisadi inkişaf, sənaye və kənd təsərrüfatının modernləşdirilməsi kimi sahələrdə ciddi fəaliyyət göstərdi. Eyni zamanda, Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil etdi.
1990-cı ildə Moskvadan istefa verərək Azərbaycana qayıdan Heydər Əliyev doğma Naxçıvanda siyasi fəaliyyətə başladı. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bu dövrdə o, Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin ideoloji və siyasi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. 1992-ci ildə xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına rəhbərlik etdi. 1993-cü ilin iyununda ölkədə baş verən siyasi böhran şəraitində xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər, həmin ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixdən etibarən ölkədə sabitlik və inkişaf dövrü başlandı. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə təsis edilən YAP müasir Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi. Partiya milli maraqların qorunması, hüquqi dövlət quruculuğu və demokratik cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət göstərdi.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkədə sabitliyi və qanunçuluğu təmin etdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə demokratik dövlət quruculuğunun əsası qoyuldu. Suverenliyin möhkəmləndirilməsi və dövlət institutlarının formalaşması bu dövrdə həyata keçirilən əsas islahatlardan idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırılan neft kontraktı imzalandı. Bu müqavilə Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasının əsasını qoydu. Xarici sərmayənin cəlb edilməsi ilə iqtisadiyyat canlandı, ölkənin geosiyasi əhəmiyyəti artdı. Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Peşəkar və döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması ölkənin müdafiə qabiliyyətini gücləndirdi. Onun strateji düşüncəsi sayəsində Azərbaycan Ordusu sonradan 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı.
Heydər Əliyev təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmişdi. Müasir məktəblərin və xəstəxanaların inşası, idmanın kütləviliyinin təmin edilməsi və mədəniyyətin qorunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Azərbaycan iqtisadiyyatı 1995-ci ildən etibarən mərhələli şəkildə dirçəlməyə başladı. Dövlət proqramları vasitəsilə regionların inkişafı, sahibkarlığın dəstəklənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm layihələr həyata keçirildi. Erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə məcburi köçkünün sosial müdafiəsinin təmin olunması Heydər Əliyevin prioritet istiqamətlərindən biri olmuşdur. Onlar üçün müvəqqəti yaşayış məntəqələri salınmış, yardımlar göstərilmişdir.
Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan dövlətinin inkişafının əsas ana xəttini təşkil edir. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi zəfər Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dahi lider, xilaskar və qurucu Prezident kimi yaşayır. Onun parlaq ideyaları, zəngin siyasi irsi və möhkəm dövlətçilik ənənələri bu gün də müstəqil Azərbaycanın inkişafının əsasında dayanır. Ümummilli Liderin 102-ci ildönümü münasibətilə onu ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.
İlqar İlyasov,
YAP Lacın rayon təşkilatının sədri