Yardımlı rayonunun Köryədi və Qabaqdibi kəndlərində yaşayan bir qrup şəhid ailəsi Prezident İlham Əliyevə müraciət edib. Həmin şəxslər yolsuzluqdan əziyyət çəkdiklərini bildirirlər.
Moderator.az-ın redaksiyasına daxil olmuş məktubda qeyd edirlər ki, Yardımlının əksər kəndlərinə asfalt örtüklü yollar çəkilsə də, rayon mərkəzinə yaxın olan sözügedən kəndlərə hələ də yol yoxdur:
“Cənab Prezident İlham Əliyev!
Nəzərinizə çatdırmaq istəyirik ki, Yardımlının Köryədi və Qabaqdibi kəndlərinin yolu cəmi 2 km-ə yaxındır. Ancaq bu məsafəni qət edib mənzil başına çatmaq kənd sakinləri üçün müşkülə çevrilib. İlin 3 fəslində palçığa batır yayda isə toz-dumana qərq oluruq. Yolumuza heç vaxt asfalt örtüyü döşənməyib, ara-sıra traktor salıb yolu hamarlamaqdan başqa gücümüz heç nəyə çatmayıb. Səbrsizliklə gözləmişik ki, nə vaxtsa Yardımlı kəndlərinin yollarını abadlaşdırmaq aidiyyəti qurumların yadına düşəcək. Bir neçə il qabaq sevindik ki, rayonumuza yolçəkənlər gəlib, biz də ağ günə çıxacağıq. Təəssüflər olsun ki, gözümüz elə yollarda qaldı, əksər kəndlərə yol çəkilsə də, rayon mərkəzinə çox yaxın olan Köryədi və Qabaqdibi kəndi gözardı edildi.
Cənab Prezident!
İndi vəziyyət daha cınacaqlıdır, dağlıq ərazi olduğuna görə aramsız yağan yağışlar yollarımızı daha da keçiməz edib. 2 kənddə təxminən 3500-ə yaxın əhali yaşayır, 9 şəhid ailəmiz var. Xəstəmiz üçün təcili tibbi yardım çağırırıq, yollar bərbad olduğuna görə gələ bilmir. Şəhidlərimizin anım və mövlud günlərini adlarına layiq şəkildə qeyd edə bilmirik, yollara görə utandığımızdan heç kimi dəvət edə bilmirik. Hansı ki, həmin oğullar bu daş-kəsəkli yollarda böyüdülər, palçıq ucbatından ayaqlarından rezin çəkmə əskik olmadı, başqaları kimi normal ayaqqabı geyinə bilmədilər. Arzuladılar ki, böyüyəndə böyük adam olacaqlar, kəndlərinə yol çəkdirəcəklər. Təəssüflər ki, nə onlar arzularına çata bildi, nə də bu gün onların nakam qalan arzularını gerçəkləşdirən bir aidiyyəti şəxs tapılır. Döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb. Hər dəfə müraciətimizə eyni məzmunda cavab alırıq: “2020-ci ildə bu kəndlərə asfalt örtüyü çəkilməsi barədə qərar verilirb”. Həmin vaxtdan isə 5 il keçir.
Cənab Prezident!
Köryədi və Qabaqdibi kəndlərinin qəhrəman şəhid oğullarının əmanətləri, ürəyi övlad dərdi ilə dağlanmış valideynləri olaraq, Sizdən xahiş edirik ki, hər iki kəndin avtomobil yolunun asfatlanması üçün göstəriş verəsiniz. Sizin Dövlət Başçısı, Ali Baş Komandan, Lider, Qarabağ faheti olaraq gördüyünüz işlərlə qürur duyuruq, fəxr edirik. İnanırıq ki, bizim də yol sarıdan ağ günə çıxmağımıza köməklik edəcəksiniz.
Hörmətlə:
1. Xanım Qasımova (şəhid anası)
2. Surə Səfərova (şəhid anası)
3. Nuri Abıyev (şəhid atası)
4. Rəsul Abıyev (şəhid atası)
5. İsmi Tərlanov (şəhid atası)
6. Seyfəddin Alışanov (şəhid atası)
7. Naməddin Kəlbiyev (şəhid atası)
8. Kamil Baloğlanov (şəhid atası)
9. Nemət Adışov (şəhid atası)”
Moderator.az Köryədi və Qabaqdibi kəndlərində avtomobil yollarının hazırkı vəziyyətini əks etdirən görüntüləri də təqdim edir:
