AZ

Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...


Vüqar Bayramov: “Xüsusən turizm sektorunda əməkdaşlıq imkanları yüksəkdir”

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində deyib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir:

“Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı - bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir”.

Azərbaycanla-Vyetnam arasında qarşılıqlı turist səfərlərinin təşkil edilməsi hər iki ölkəyə fayda gətirə bilər. Bu, iki ölkə arasında iqtisadi əlaqələrə əlavə stimul verəcək.

“Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin son dövrlər dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir. 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyata alınıbsa bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib. Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 224 milyon dollara qədər olub. Düzdür, 2022-2023-cü illərdə iki ölkə arasında ticarət dövriyyəsi daha böyük olub. Ancaq bütün hallarda trend pozitivdir. Eyni zamanda ticarət dövriyyəsinin artması həm də iqtisadi əlaqələr üçün yeni imkanlar yaradır. Digər tərəfdən iqtisadiyyatın fərqli sahələrində əlaqələrin olmasıdır. Xüsusən də turizm və xidmət sektorunda əməkdaşlıq potensialı daha yüksək qiymətləndirilir. Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sıra sahələrində, xüsusən də turizm sektorunda və qarşılıqlı sərmayə qoyluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir. Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr turizm sahəsində əməkdaşlığa xüsusi töhvə verə bilər. Vyetnamın xidmət vəturizm sektoru Azərbaycan sahibkarlı üçün də sərmayə qoyuluşu aspektindən cəlbedici hesab olunur. Son illər bu ölkəyə investitsiya qoyuluşu həyata keçirmək istəyən yerli sahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanın emaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçün cəlbedicidir. Bu konteksdən biz ölkələr arasında həm potensialın böyük olduğunu müşahidə edirik, həm də dövlət səviyyəsində səfər bu potensialın daha yaxından istifadə edilməsinə imkan yaradacaq”.

Vidadi ORDAHALLI

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr