Slovakiyanın baş naziri Robert Fitso mayın 9-da keçiriləcək hərbi paradda iştirak etmək üçün Moskvaya çatmağa imkan verəcək marşrut axtarır.
Hafta.az "UNİAN"-a istinadla xəbər verir ki, “Reuters”in məlumatına görə, Avropadan Rusiya Federasiyasına uçan təyyarələr adətən Litvanın hava məkanından istifadə edir.
Bu qərar hələ 2021-ci ildə, Aleksandr Lukaşenko "Ryanair" sərnişin reysini Belarusa enməyə məcbur edəndə qəbul edilib.
Bununla belə, Fitso şikayət edib ki, Litva və digər Baltikyanı ölkələr onun Rusiya paytaxtında tədbirlərə qatılmasının qarşısını almaq üçün indi öz hava məkanlarını bağlayıblar:
"Estoniya bizə bildirdi ki, Slovakiyanın hökumət heyəti üçün Estoniyanın hava məkanından istifadə etmək üçün il boyu icazəsi olmasına baxmayaraq, onun ərazisi üzərindən uçuşumuza icazə verməyəcək. Bu, bizim qrafikimizi xeyli çətinləşdirir, çünki biz razılaşdırılmış tədbirləri Moskvada keçirə bilməyəcəyik".
Dünən Litva prezidenti Gitanas Nauseda ölkəsinin həqiqətən də öz hava məkanını Slovakiyanın baş naziri və Serbiya prezidenti Aleksandr Vuçiçin uçuşları üçün bağladığını açıqlayıb. Latviya Xarici İşlər Nazirliyi də parada heç bir uçuşa icazə verməyəcəyini bildirib. Eyni zamanda, Estoniya qeyd edib ki, onlara uçuşlar üçün heç bir müraciət daxil olmayıb.