AZ

Bakıda "qovaq ağacı təhlükəsi", hər an aşa bilərlər - RƏSMİ

"Bakıda aşan ağacların əksəriyyəti qovaqlardır".

Bu fikirləri Far.Az-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyib.

Onun sözlərinə görə, 60-70-ci illərdə Bakı şəhərində yaşıllıq az olduğu üçün kütləvi olaraq SSRİ-nin müxtəlif yerlərindən, xüsusən də Rusiyadan qovaq ağacları gətirilib. Onların sürətli inkişafını nəzərə alaraq kütləvi olaraq əkilib.

"Qovaqların ömrü 30-40 ildən artıq deyil. Bakı şəraitində isə 25-30 ildən çox olmur. Qovaq ağacları sürətli inkişaf edib, boy atdığına, həmçinin Bakıda torpaq qatının azlığına görə kök sistemləri zəif olur və dərin qatlara işləyə bilmir. Nəticədə bu ağacların aşma təhlükəsi çox olur. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşmışıq ki, aşma təhlükəsi çox olanlar barədə müraciət olarsa, ağacları 6-7 metrdən kəsib təhlükəni aradan qaldıraq". 

Qurum rəsmisi həmçinin onu da qeyd edib ki, Bakı torpaq-iqlim şəraitinə görə əsasən iynəyarpaqlı - şam və sərv kimi hündür olmayan ağacların əkilməsi məsləhətdir.

"Biz də çalışırıq bu qaydaya əməl edək. Son 10 ildir demək olar ki Bakı şəhərində qovaq ağacı əkilmir", - deyə C. Məmmədov fikrini yekunlaşdırıb.

Seçilən
0
1
far.az

2Mənbələr