Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Dünya Konqresində mühüm uğura imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik səs çoxluğu ilə təşkilatın Avropa regionu üzrə İdarə Heyətinə 2025–2028-ci illər üzrə üzv seçilib.
2007-ci ildən Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının üzvü olan Dövlət Məşğulluq Agentliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsi və aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi sahəsində bu qurumla fəal əməkdaşlıq edir.
Dövlət Məşğulluq Agentliyinin mötəbər təşkilatın Avropa regionu üzrə rəhbər heyətində təmsil olunması bu əməkdaşlığa və ölkəmizdə məşğulluq sahəsində həyata keçirilən ardıcıl islahatların nailiyyətlərinə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin daha bir təzahürüdür.
Qurumun rəhbər heyətinə üzvlüyü dövründə Agentlik qlobal əmək bazarının tənzimlənməsi, eləcə də, inklüziv məşğulluq tədbirlərinin təşviqi sahəsində mühüm qərarların verilməsində iştirak edəcək.
Qeyd edək ki, Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası dünyanın 80-dən artıq ölkəsinin dövlət məşğulluq xidmətlərini bir araya gətirən, məşğulluq siyasətləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə və əmək bazarının effektiv idarə olunmasına yönəlmiş nüfuzlu beynəlxalq platformadır.