AZ

“Müasir Azərbaycan Heydər Əliyevin ən gözəl əsəridir” - RƏY - YENİLƏNİB

30 il bundan öncə Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə ölkənin iqtisadi inkişafı üçün mühüm təməl yarandı.

APA-nın xəbərinə görə, bunu bu gün deputat Tahir Mirkişili Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deyib.

Deputat qeyd edib ki, bu ali qanun iqtisadi sahədə bir sıra əhəmiyyətli irəliləyişlərə zəmin hazırlayıb: “Konstitusiya mülkiyyət hüquqlarını, azad sahibkarlıq fəaliyyətini və iqtisadi fəaliyyət azadlığını təsbit etdi, bu da investorlar üçün etibarlı hüquqi mühit yaratdı, bazar iqtisadiyyatına keçidini təmin edən müddəaları əks etdirdi. Xarici investisiyaların qorunması üçün zəmin yaratdı, bu da "Əsrin müqaviləsi" kimi neft müqavilələrinin imzalanmasına və xarici sərmayələrin cəlb edilməsinə şərait yaratdı. Konstitusiya maliyyə və bank sisteminin hüquqi əsaslarını təmin, xüsusi mülkiyyət, əmək, təhsil, səhiyyə və sosial təminat hüquqlarını təsbit etdi. Beləlikə, Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Konstitusiya Azərbaycanın müasir iqtisadi sisteminin formalaşmasında, iqtisadi islahatların həyata keçirilməsində və ölkənin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlar icra olunan, genişlənən iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüdü, dünyaya açıldı, müasirləşdi və müstəqil oldu. Bütün bu iqtisadi uğurlar isə əldə etdiyimiz iqtisadi imkanların Azərbaycanın ən qədim və ən ağrılı problemi olan Qarabağ probleminin həllinə yönəltməyə imkan yaratdı”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Xankəndi Zəfəri Konstitusiyamızı da xilas etdi: “Ali Qanunumuzun 40 faizinin insan haqlarına aid olduğunu fəxarətlə desək də 20 faizlik natamamlıqdan əziyyət çəkirdik. 1995-ci ildən sonra millətimiz konstitusion yolundan dönmədi. 2005-ci ildəki qanlı inqilablar, bizə ixrac olunan üsul-idarələr parlaq dövlət əsərimizi məğlub edə bilmədi. Əslində dünyada bütün xalq yığışıb bir qələmlə qanun yazmır. Lakin Vətən müharibəsi və 20 sentyabr Suverenlik savaşı Bir millətin, Bir Ordunun və Bir İmzanın yaratdığı ən böyük Qanun Kitabı oldu. Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi. Vətən müharibəsində Qələbəmizdən sonra İrəvan konstitusiya böhranı yaşayır”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Azərbaycanın ən yeni tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib: “Onun rəhbərlik etdiyi dövrdə sovet Azərbaycanı böyük bir inkişaf yolu keçdi. Həmin dövrü ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, kino sənətinin, ədəbiyyatın intibahı dövrü adlandırmaq olar. Böyük cəsarət və vətənpərvərlik nümayiş etdirərək İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsinə Moskvada kəskin formada etirazını bildirdi. Müstəqillik illərində 1992-ci ilin mayında Mütəllibov antikonstitusion yolla hakimiyyətə qayıtmaq istəyəndə onun qarşısının alınmasında müstəsna rol oynadı. Xalq Hərəkatının təmsilçiləri ilə birlikdə SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. Ölkəmiz böyük vətəndaş qarşıdurması vəziyyətində olanda o, məsuliyyətdən qorxmadı, rəhmətlik Prezident Elçibəyin dəvəti ilə Bakıya gəldi, ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi. Hakimiyyət boşluğundan istifadə edib rayonlarımızı ard-arda işğal edən erməni hücumlarını dayandıra bildi, atəşkəs haqqında saziş imzalandı. Silahlı müxalifətin mövcudluğuna son qoyuldu, “Əsrin müqaviləsi”ni imzaladı, Ordu quruculuğuna başlanıldı. Bütün çətinliklərə, təzyiqlərə, şirnikləndirici təkliflərə baxmayaraq ermənilərlə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan heç bir saziş imzalamadı. Bu gün ruhu şaddır, ona görə ki, inandığı və xalqı dəstək verməyə çağırdığı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu”.

Deputat Elnarı Akimova Heydər Əliyevin əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdığını vurğulayıb: “Bu baxımdan Heydər Əliyev minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. Heydər Əliyevin ən dəyərli əsərlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Heydər Əliyev dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, Ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq!”.

Deputat Vüqar İskəndərov xalqların taleyində yetişdirdikləri liderlərin çox önəmli rol oynadığını vurğulayıb: “Azərbaycan xalqının da bəxtinə taleyinə Heydər Əliyev kimi bir dahi şəxsiyyət düşüb və bu xalq sözün əsl mənasında yetişdirdiyi bu nadir, unikal şəxsiyyətlə ən çətin zamanların sınağından alnıaçıq, üzüağ çıxa bilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanımız onun qüdrətli lideri İlham Əliyevlə çox vacib, tarixi qələbələrə imza atır. Bütün bu qələbələrin bünövrəsi möhkəm özüllərlə Ulu Öndər tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, çağdaş Azərbaycan inamla irəliləyir, sürətlə inkişaf edir, dünyanın ən güclü ölkələri sırasında öz yerini qazanmağa başlayır. Artıq bu gün ölkəmiz qlobal anlamda çox böyü nüfuza malik, hörmət olunan ölkələrdən birinə çevrilməkdədir”.

***

saat 13.03

Ümummilli Liderimiz Heydər Əliyev nəinki müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir, mayası Vətən torpağından yoğurulmuş bu dahi şəxsiyyət bütün azərbaycanlıların qürur mənbəyi, iftixar yeridir.

APA-nın xəbərinə görə, bunu bu gün deputat Azər Badamov Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deyib.

Deputat qeyd edib ki, Konstitusiyamız da Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyətin adı ilə bağlıdır: “Bu sənəd ölkəmizin demokratik inkişaf yolu ilə irəliləməsində strateji yol xəritəsidir. Məhz bu sənəd özündə hüquqi dövlətçiliyin əsaslarını ehtiva etməklə insan haqları sahəsində qabaqcıl dünya təcrübəsini də tam əhatə edir. 44 günlük Vətən müharibəsində hərbi, diplomatik və informasiya cəbhəsində əldə etdiyimiz uğurların məhək daşı məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Heydər Əliyev siyasi irsini və həyat missiyasını Prezident İlham Əliyevə ötürməklə adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş, zamanın fövqündə dayanmağı bacarmış dahi şəxsiyyətdir. Ata vəsiyyətini icra etmək üçün çətin və məşəqqətli bir yola çıxan Müzəffər Ali Baş Komandanımız bu gün Azərbaycan xalqını nəinki dünyada qalib xalq kimi tanıdır, eyni zamanda regionun siyasi olduğu qədər, iqtisadi xəritəsini də yenidən cızır”.

Azər Badamov müasir Azərbaycanın Heydər Əliyevin ən gözəl əsəri olduğunu vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanın son altmış ildəki mövcudluğu, inkişafı və uğurları Ulu Öndər Heydər Əliyevlə və onun siyasi irsi ilə bağlıdır: “Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, görüb başa çatdırmadığı işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb. Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılıb, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatıb. 2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”.

Deputat Rizvan Nəbiyev 20-ci əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqının da dünyanı mübariz xalqları arasında öz yerini təsdiqlədiyini vurğulayıb: “2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən idarəçiliyindən və dövlətçilik strategiyasının tətbiqindən başlayıb. Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslnan yeni siyasi reallıqlar yaranıb. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi. Vaxt gələcək, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlər də, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin qlobal əhəmiyyəti olan bu xidmətini etiraf edəcəklər. Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir”.

Seçilən
0
1
apa.az

2Mənbələr