Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan və Vyetnam arasında tarixi dostluq əlaqələrinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil edilib. Mərasimdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahələrinin rəhbərləri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung və digər rəsmi şəxslər çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarından, enerji sahəsindəki birgə layihələrdən və Ho Şi Minin siyasi irsinin bu münasibətlərə təsirindən danışıblar.
Çıxışlar zamanı Ho Şi Minin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca Memorial otağın açılışı olub.
Memorial otağın ekspozisiyasında Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb.
Tədbir çərçivəsində otağa baxış keçirilib, nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə təşəbbüslərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.