AZ

"Azərbaycan-Vyetnam arasında əlaqələrin tarixi böyükdür" - Deputat

“Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında münasibətlərdə yeni səhifə açılır. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər zamanı imzalanan sənədlər bu reallığı təsdiqləyir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, xalqlarımız arasında əlaqələrin tarixi böyükdür. Hələ 1959-cu ildə, yəni sovetlər dönəmində  Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Eləcə də, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

Millət vəkilinin sözlərinə görə, hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar öz ölkələrinin inkişafına bu gün də töhfələr verirlər. Prezident İlham Əliyev  2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə  Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.

Deputat qeyd edib ki, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu,  o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Dövlətimizin başçısı bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacağını vurğulayaraq deyib: “Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi”. 

“Bütövlükdə, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələni təşkil edəcək”, - deyə Samir Vəliyev vurğulayıb.

Seçilən
0
50
unikal.az

10Mənbələr