AZ

ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirildi - FOTO

​BAKI, 8 may. TELEQRAF

Ötən gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının bu gün də öz bəhrəsini verdiyini vurğulayıb. Bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti müasir Azərbaycan elmi və təhsilinin istiqamətini formalaşdırıb: “ADNSU olaraq biz də bu ali ideallara sadiq qalaraq elm və təhsilin inteqrasiyasını gücləndirmək, universitetimizi qabaqcıl elmi-tədqiqat və innovasiya mərkəzinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq”.

Rektor konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, ADNSU-nun qarşısında duran əsas hədəflərdən biri onu elmi-tədqiqat müəssisəsinə çevirməkdir. Onun sözlərinə görə, universitetin elmi nailiyyətləri, atılan strateji addımlar, elm və innovasiya sahəsində əldə edilən uğurlar, eləcə də universitetin beynəlxalq elmi-metrik bazalardakı yüksəlişi bu məqsədə doğru mühüm bir irəliləyişin göstəricisidir.

“Biz təkcə tədrislə kifayətlənmirik. Elmi fəaliyyətlərə, innovasiyalara və yüksək səviyyəli tədqiqatların həyata keçirilməsinə geniş imkanlar yaradırıq. Tədqiqat mərkəzlərimizin fəaliyyəti genişlənir, beynəlxalq elmi jurnallarda nəşr olunan məqalələrin sayı artır, doktorant və gənc tədqiqatçılarımızın uğurları isə təqdirəlayiqdir,” – deyə rektor əlavə edib.

Daha sonra ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva çıxış edərək konfransın gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar.

Bölmə iclasları ilə davam edən konfrans mayın 8-də başa çatacaq.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr