Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li mayın 8-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.
Publika.az xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım No Fon Li qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.
Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqda böyük maraq doğurub.
Gəzinti zamanı Baş katibin xanımına UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.