Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda tədbir keçirilib.
İnstitutdan TƏHSİL.BİZ-ə verilən məlumata görə, tədbirdə çıxış edən baş direktor AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu vurğulayıb. O bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulub və bu gün də davamlı inkişaf yolundadır. Oktay Qasımov əlavə edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası yalnız tarixi bir dövrü deyil, həmçinin müasir Azərbaycan reallığını əhatə edir və bu gün də aktuallığını qoruyur.
“Bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu, milli maraqlara əsaslanan siyasət həyata keçirilir. Əgər Azərbaycan bu gün regionda və beynəlxalq aləmdə söz sahibi olan, təhlükəsiz və sabit bir ölkə kimi tanınırsa, bu, Heydər Əliyev irsinin və onun davam etdirilən siyasi xəttinin təntənəsidir,” – deyə O. Qasımov vurğulayıb.
İnstitutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Əfsanə Hüseynova bildirib ki, Ulu Öndərin siyasi irsinin xalqın yaddaşında yaşadılması, dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır.
Əfsanə Hüseynova Heydər Əliyevin elm və təhsilə verdiyi xüsusi önəmi vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin elmin inkişafına yönəlmiş siyasəti – alimlərin sosial rifahının yaxşılaşdırılması, intellektual potensialın qorunması və inkişaf etdirilməsi – bu sahədə bu gün əldə olunan nailiyyətlərin əsasını təşkil edir. AMEA-nın inkişafında, o cümlədən fundamental və tətbiqi tədqiqatların dəstəklənməsində, yeni laboratoriyaların yaradılmasında və gənc alimlərin elmi fəaliyyətə təşviqində Heydər Əliyevin əvəzsiz xidmətləri olub.