"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməməsi doğru qərardır. Bu bir daha onu sübuta yetirir ki, Cənab İlham Əliyev üçün dövlət, dövlətçilik maraqları hər şeydən üstündür və dövlət başçısı bu kimi məsələlərdə prinsipaldır, qətidir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycan liderinin Rusiya paytaxtına Qələbə Paradında iştirak etməyə getməməsi həm ölkədaxili tədbirlərlə bağlıdır, həm də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizdə səfərdə olması ilə əlaqədardır:
"Bildiyiniz kimi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-dən Azərbaycanda səfərdədir. Səfər bu gün başa çatacaq. Digər tərəfdən 10 may, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ölkədə çoxsaylı tədbirlər keçirilir. Ona görə də bu ərəfədə Azərbaycan lideri haqlı olaraq səfərə getməyi uyğun bilməyib".
Arzuman Muradlı qeyd edib ki, sadaladığı məqamlar əslində məsələnin görünən tərəfidir:
"Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan tərəfində Rusiyaya qarşı haqlı olaraq bir inciklik var. AZAL-a məxsus sərnişin təyyarəmizin Rusiya ərazisində vurulması nəticəsində çoxsaylı insan tələfatının olması, bunun qarşılığında Moskvanın rəsmi qaydada üzr istəməməsi, eyni zamanda baş vermiş terror aktına görə konpensasiya ödəməməsi Azərbaycanın haqlı narazılığına səbəb olan ciddi faktorlardır. Bütün bunlara paralel olaraq bu günlərdə Azərbaycanın millət vəkilinin heç bir əsas olmadan Rusiyaya girişinə qadağa qoyulması da Bakının haqlı olaraq Moskvaya qarşı adekvat addımlar sərgiləməsinə səbəb olan amillərdəndir. Hesab edirəm ki, baş verənlərdən Kreml indiyə qədər ciddi nəticə çıxarmalı və yol verdiyi xətaları düzəltməli idi. Ancaq göründüyü kimi Rusiya öz mənfi ənənəsinə sadiq qalaraq yol verdiyi səhvlərə görə üzr istəmək əxlaqından uzaqdır".
İctimai birlik sədri onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda şimal qonşumuzun hava məkanı heç də təhlükəsiz deyil və müharibə dövrü müddətində baş verən hadisələr, sərnişin təyyarələrinin belə vurulması deyilənlərin sübutudur:
"Ona görə Azərbaycan liderinin Moskvaya getməməsinə səbəb kimi təhlükısizlik amilini də gösrərmək olar. Bütün halda hesab edirəm ki, Cənab İlham Əliyevin Moskvadakı Qələbə paradında iştirakdan imtina etməsi doğru yanaşmadır".
Süleyman