AZ

Yenidən aşiq olmaq, yoxsa "boşanma partiləri"ndə qol qaldırıb oynamaq?- ARAŞDIRMA

BAKI, 7 may. TELEQRAF

Ötən il Azərbaycanda 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Göründüyü kimi ölkəmizdə kifayət qədər boşanma halları var. Bu da çoxsaylı suallara səbəb olur. Azərbaycanda boşanmaların sayı niyə artıb? Valideynlərlə yaşamaq buna təsir edirmi? Daha çox hansı cütlüklər boşanır? Boşanma ərəfəsində olan cütlüklər nə etməlidir? Hansı tədbirlər görülməlidir?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Teleqraf-a mövzu ilə bağlı danışarkən deyib ki, son illər Azərbaycanda və dünyada boşanma hallarında artım müşahidə olunur.

Onun sözlərinə görə, boşanmaların əsas səbəbləri kimi qarşılıqlı anlaşmazlıq, emosional uzaqlaşma, evliliyə hazır olmamağı xüsusilə qeyd etmək lazımdır.

“Boşanma hallarına adətən gənc yaşda evlənən, psixoloji hazırlığı və ailə modeli formalaşmamış cütlüklərdə daha çox rast gəlinir. Qayınana, qayınata ilə birgə yaşamaq bəzən dəstək, bəzən isə münaqişə mənbəyinə çevrilə bilər. Bu, ailədəki münasibətlərdən asılıdır. Cütlüklər münasibətlərdə qarşılıqlı anlayış göstərərlərsə, ailənin daha dayanıqlı olmasını təmin edə bilərlər”.

Deputat boşanma ərəfəsində olan cütlüklərin psixoloji dəstək almalı, ünsiyyətə açıq olmalı və problemi birlikdə həll etməyə çalışmalı olduğunu deyib:

“Uzunömürlü münasibət üçün qarşılıqlı hörmət, empatiya və ünsiyyət əsas şərtlərdir. Dünya təcrübəsində ailə institutunun qorunması üçün ailə məsləhət xidmətləri, evlilik öncəsi maarifləndirmə proqramları və psixoloji məsləhət mərkəzləri geniş yayılıb. Ölkəmizdə bu istiqamətdə sistemli yanaşmalar olarsa, boşanma hallarının qarşısını almağa töhfə verə bilər”.

Ən çox uşaqlar əziyyət çəkir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov nikahların sayının azalmasını bir neçə səbəblə əlaqələndirib.

O qeyd edib ki, bu gün gənclər öz qarşılarına yeni prioritetlər, məqsədlər qoyurlar və bu, təhsil, karyera, özünü inkişaf və sosiallaşma ilə bağlıdır:

“Əgər əvvəllər gənclər təhsil alaraq valideynlərin tövsiyəsi ilə nikaha daxil olurdularsa, indikilər daha çox müstəqil, heç kəsdən asılı olmayan həyata tərzinə üstünlük verirlər və nəticədə ailə qurma məqsədi arxa plana keçir. Bu da orta nikah yaşının çoxalmasına və nəticə olaraq nikahların sayının azalmasına gətirir".

O, boşanmaların əsas səbəbləri kimi, düşünülmədən qurulan münasibət, ailənin təməldən sarsılması, cütlüyün, ailə üzvlərinin ümumi məsələlərdə ortaq qərara gələ bilməməsi, bir-birləri ilə razılaşmaması, xarakterlərin uyğunsuzluğu, xəyanət, uşağın olmaması, zorakılıq, kənar müdaxilə, sosial şəbəkələrin mənfi təsiri və digər səbəblər olduğunu deyib:

“Bir çox hallarda boşanmaların səbəbkarları ailə üzvlərinin biri və ya hər ikisi ola bilər. Heç bir cütlük nikaha daxil olarkən gələcəkdə boşanacağını düşünmür, lakin bəzən ailə həyatının gedişatı əksini göstərir, problemlər artır, ümumi çıxış yolu tapılmır və ya tapmaq üçün cəhd olunmur, ən əsası isə ünsiyyət qurula bilmir. Belə olan halda ailə üzvləri özü üçün ən asan çıxış yolunu boşanmada görürlər. Amma unutmamalıyıq ki, ailə təkcə ər-arvaddan ibarət deyil, eyni zamanda ailənin dağılmasından daha çox əziyyət çəkən ailənin balaca üzvləri də var. Onlar həm mənəvi, həm də psixoloji bir sarsıntı keçirirlər və bunun fəsadı çox ağır ola bilər. Boşanmaların mütləq əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır və bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır”.

R. Mahmudovun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bölgələrdə və paytaxtda ailə, nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin iştirakıyla tədbirlər həyata keçirilir. Sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir.

“Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə ailələrlə və uşaqlarla işləyən mütəxəssislər üçün təlimlər təşkil edilir. Komitə öz fəaliyyətində hər zaman nümunəvi, uzunömürlü ailələrin təbliğatına da geniş yer ayırır. Nümunəvi ailələrin tanıdılması digər ailələr üçün bir stimul olur”, - hüquqşünas vurğulayıb.

Boşanmaların əksəriyyəti evliliyin ilk illərində baş verir

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov hesab edir ki, boşanmaların artması təkcə statistika deyil, həm də cəmiyyətin psixoloji rifahına mənfi təsir göstərən ciddi bir məsələdir.

Onun sözlərinə görə, boşanmanın əsas səbəbləri arasında ünsiyyət çatışmazlığı, emosional uzaqlaşma, maddi çətinliklər, sədaqətsizlik, psixoloji uyğunsuzluq və ailədaxili təzyiqləri göstərmək olar. Bəzən də tərəflər bir-birini tanımadan, hazırlıqsız şəkildə evliliyə daxil olurlar və nəticədə qarşıdurmalar yaranır.

Psixoloq boşanmaların əksəriyyətinin gənc ailələrdə və evliliyin ilk 3-5 ili ərzində baş verdiyini deyib:

"Bu dövr “böhran dövr” kimi tanınır. Həmçinin, təhsili və gəliri aşağı olan ailələrdə, eləcə də erkən yaşda evlənənlərdə boşanma halları daha çox müşahidə olunur. Psixoloji hazırlığı olmayan cütlüklər problemlərlə üzləşdikdə, bəzən onu birlikdə həll etmək əvəzinə ayrılıq yolunu seçirlər”.

E. Rüstəmov cütlüyün ayrı yaşamasının sağlam model olduğunu və üçüncü tərəflərin iştirakının münasibətin özəlliyini azalda biləcəyini deyib:

“Yeni qurulan ailələrin valideynlərlə yaşaması olduqca həssas məsələdir. Bir tərəfdən, böyüklərlə yaşamaq cütlüyə dəstək ola bilər, xüsusilə uşağın böyüdülməsi zamanı, amma digər tərəfdən, müdaxilə və sərhədlərin olmaması ailədə gərginlik yaradır. Ən sağlam model cütlüyün ayrı yaşamasıdır. Bu zaman həm emosional müstəqillik qorunur, həm də məsuliyyət paylaşılır. Evlilikdə üçüncü tərəflərin iştirakı bəzən münasibətin özəlliyini azaldır”.

Evlilikdə vacib məsələ: yenidən bir-birinə aşiq olmaq

Onun sözlərinə görə, statistika göstərir ki, həm sevərək, həm də ailə məsləhəti ilə evlənənlərdə uğurlu və uğursuz nümunələr var: "Sevərək evlənənlər bəzən romantik hisslərə qapılıb real problemləri görmürlər. Ailə məsləhəti ilə evlənənlər isə münasibətə bir az daha realist yanaşırlar. Ən əsas amil qarşılıqlı anlayış, hörmət və birgə yol getmək bacarığıdır. Sevgi münasibətini uzun müddətli edən ona sərf edilən əmək, empatiya və qarşılıqlı hörmətdir. Bəzən cütlüklər uzun müddət birlikdə olduqdan sonra evlənirlər, lakin evlilik çox çəkmir. Uzun müddət birlikdə olmaq bəzən cütlüyün bir-birinə qarşı emosional doyumunu azaldır. "Artıq yeni heç nə qalmayıb" düşüncəsi evlilikdən sonra sıxılma ilə nəticələnə bilər. Burada da əsas məsələ münasibətin necə qurulduğu və necə inkişaf etdirilməsidir. Münasibəti dinamik saxlamaq, bir-birinə yenidən aşiq olmaq, yeni məqsədlər yaratmaq evlilikdə vacib məsələdir".

Erkən uşaq sahibi olmağın evliliyə təsiri

"Evliliyin ilk illərində tez uşaq sahibi olmağın münasibətə təsirləri var. Bu məsələ də dayanıqlı ailə üçün çox önəmlidir. Cütlüklər bir-birini yetərincə tanımadan valideyn olduqda münasibət ikinci plana keçir və bu, emosional uzaqlaşmaya səbəb ola bilər. Uşağa tam hazır olmadan övlad sahibi olmaq cütlüyün böhran yaşamasına gətirib çıxara bilər. Xüsusilə, qısa müddətdə bir neçə uşaq sahibi olmaq cütlüyün psixoloji və maddi yükünü artırır", - psixoloq qeyd edib.

Cütlüklər nə zaman boşanmalıdır?

Psixoloqun sözlərinə görə, boşanma son çarə olmalıdır: "Əgər münasibətdə zorakılıq varsa, psixoloji və ya fiziki təzyiq qalıcıdırsa, emosional bağlılıq tamamilə itib və birgə həyat artıq sağlam deyil və bu, uşaqlar üçün də təhlükə yaradırsa boşanma müzakirə oluna bilər. Amma bunun öncəsində mütləq şəkildə mütəxəssis dəstəyi, ailə terapevti və psixoloqu vasitəsilə ailələrlə iş aparılmalıdır".

Boşanmaların qarşısı necə alınmalıdır?

E. Rüstəmov bildirib ki, boşanmaların qarşısını almaq üçün münasibət üzərində davamlı şəkildə çalışmaq lazımdır.

"Burada diqqət ediləcək məqamlara evlilikdən öncə psixoloji hazırlıq və maarifləndirmə prosesini qeyd edərdim. Cütlüklər evlilikdən əvvəl psixoloji olaraq nə ilə qarşılaşacaqlarını bilməlidirlər. Bu, sonradan yaranacaq çətinliklərə qarşı müqaviməti artırır. Evlilikdə rolların bölünməsi və qarşılıqlı dəstək də vacibdir. Ailədə hər iki tərəfin bir-birinin yükünü bölüşməsi, həm emosional, həm də praktiki baxımdan mühüm rol oynayır. Duyğuların düzgün ifadə olunması, qarşı tərəfi dinləmək və anlamaq da sağlam münasibətin təməlidir. Araşdırmalar göstərir ki, ortaq həyat vizyonu olan cütlüklər problemləri daha rahat şəkildə həll edirlər.

Bütün bunlarla yanaşı, dövlət səviyyəsində də müəyyən tədbirlərə ehtiyac var. Ailə psixoloqu xidmətlərinin əlçatan olması, maarifləndirici sosial proqramların həyata keçirilməsi və ailə institutunun sosial cəhətdən gücləndirilməsi bu istiqamətdə mühüm addımlardır", - deyə vurğulayıb.

Dünyada vəziyyət necədir?

E. Rüstəmov dünyanın müxtəlif ölkələrində ailə institutunun qorunması məqsədilə uğurlu təcrübələrin mövcud olduğunu deyib:

"Bunlardan bəziləri Azərbaycan üçün də nümunə ola bilər. Misal üçün, Norveç modeli. Burada evlənmək istəyən cütlüklər psixoloji maarifləndirmə proqramlarından keçməlidirlər. Bu addım gələcək problemlərin qarşısını almağa kömək edir. Sinqapur modeli də var. Orada boşanmaq istəyən cütlüklər öncədən ailə məsləhət mərkəzlərinə müraciət etməli və burada dəstək almalıdırlar. Kanada modelini də qeyd edə bilərəm. Orada psixoloji yardım və cütlük terapiyası cəmiyyətdə normal və müsbət qarşılanır. İnsanlar bu xidmətdən istifadə etməyi zəiflik yox, müdriklik kimi qəbul edirlər.

Azərbaycan üçün də bu modellər əsasında, yerli mədəni və dini dəyərlərə uyğunlaşdırılmış bir sistem qurmaq mümkündür. Əsas məqsəd ailəni qorumaq, böhranı əvvəlcədən görmək və onu zamanında həll etməkdir. Ailə təkcə rəsmi nikah sənədi deyil o qarşılıqlı anlayış, əməkdaşlıq və birgə inkişaf prosesidir".

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə,yaxın və orta perspektivdə boşanmaların dinamikasında artım müşahidə olunacaq.

"Azərbaycanda sanki bir boşanma bumu yaşanır və artıq xroniki hal alıb. Mətbuatın bu mövzuya çox yer verməsi prosesi bir az da sürətləndirir. İnsanlar üçün bu mövzu adiləşir və məsələyə "filan məşhur boşanır, mən də boşanım" rakursundan yanaşırlar. İkinci əsas səbəb isə insanların düşüncəsində transformasiya başlayıb. Belə ki, əvvəllər patriarxal cəmiyyət idi, cəmiyyət öz-özünü tənzimləyirdi və ictimai qınaq var idi, boşanmaya ailə faciəsi kimi yanaşılırdı. İnsanlar qlobal dünyaya açıldıqdan sonra dünya dövlətləri, Avropa ölkələri ilə tanış oldular. Seriallar, filmlər vasitəsilə onların həyat tərzi bura gəlib çıxdı və insanlar gördülər ki, orada bu heç də ailə faciəsi deyil və normal yanaşmağa başladılar. Üçüncü səbəb isə əvvəllər qadınların əksəriyyəti evdar qadınlar idi, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlar iqtisadi məşğul əhaliyə çevrildilər. Onlar iqtisadi cəhətdən öz ayaqlarının üzərində durduqca düşündülər ki, kişidən iqtisadi asılılıq yoxdursa, nəyə görə köhnə fikirli, mühafizəkar kişi ilə yaşasın. Qadınlar artıq köhnə qayda ilə yaşamaq istəmirlər, kişilər də köhnə qayda ilə idarə edə bilmirlər.

Digər məqam isə sosial mediada boşanmaları təşviq edən insanların olmasıdır. Məsələn, məşhur insanlar belə bunu edirlər, hətta “boşanma partisi” keçirən insanlar da var. Xüsusilə, sosial şəbəkələrin fonunda xəyanət əsaslı boşanmaların sayı artıb. Sosial şəbəkələr həm buna şərait yaradır, həm də üzə çıxarır. Asılılıq yaradan maddələrdən istifadə, məişət zorakılığı boşanmalara səbəb olur. Qısaca, səbəblər çoxdur. Həmçinin saxta boşanmalar da statistikaya təsir göstərir".

50 yaşdan yuxarı insanlar boşanır

Sosioloq bu gün Azərbaycanda boşanmaya diqqət çəkən 2 yeni əsas tendensiyanın mövcud olduğunu bildirib: "Biri odur ki, Azərbaycanda heç vaxt olmayan qədər 50 yaşdan yuxarı insanların boşanmasıdır. Buna "boz boşanma" deyirlər. Belə boşanmalar il ərzində təqribən 4 mindən yuxarıdır. Bu da o deməkdir ki, artıq o yaşda insanların da düşüncəsi dəyişib. İkincisi isə uşaqlı ailələrdə boşanmaların sayı çoxalıb. Əvvəllər uşaqlı ailələrdə boşanma sayı az idi. Bu o deməkdir ki, onlar artıq ailə məsuliyyəti düşünmürlər.

Ümumilikdə boşanmaların sosial, iqtisadi fəsadları çoxdur. Boşanmalar çoxaldıqca əhalinin təbii artımı azalır, orada doğulan uşaqlarda travma olur, onların tərbiyəsində problem və natamamlıq kompleksi yaranır. Boşanmış ailələr uşaqları üçün pis örnəkdir, çünki onlar da potensial boşanmağa hazır adamlardır. Həmçinin dövlətdə maliyyə yükü yaradır, çünki valideyn himayəsindən məhrum olan uşaqlar olur".

Münaqişəli ailələrin qeydiyyatı aparılmalıdır

Ü. Şəfiyev ailələrlə işləyən psixoloqlara, sosial işçilərə ehtiyac olduğunu deyib: "Yaxşı olar ki, ölkə üzrə münaqişəli ailələrin qeydiyyatı aparılsın. Qeydə alındıqdan sonra onlarla işləyən psixoloq və sosial işçilər lisenziyalı fəaliyyət göstərsinlər. Əgər onlar münaqişələrə vaxtında müdaxilə etsələr boşanmaların qarşısını almaq olar.

Televiziyalarda daha çox boşanmış qadınların təntənəli həyatı göstərilir, lakin aysberqin görünməyən tərəfi də var. Həmin tərəfi göstərmək lazımdır ki, boşanmış qadının da çətinlikləri var. Çox tanınmış əməkdar bir artist deyir ki, mən boşanandan sonra gözəlləşmişəm. Bu boşanmanı təşviq etmək deyil? Əsas örnək ailələrdən verilişlər hazırlanmalıdır".

Sosioloqun sözlərinə görə, ailə qarşılıqlı anlaşma, sevgi əsasında qurulmalıdır. "Ailə sağlam əsaslarla qurulubsa, heç bir səbəb boşanmaya səbəb ola bilməz".

Seçilən
0
teleqraf.com

1Mənbələr