AZ

Ölkəmizin qəhrəmanlıq, xilaskarlıq və dirçəliş tarixi

Bahar təravətli may ayındayıq… Təbiət təkrarolunmaz gözəlliyi ilə könül açır, göz oxşayır. Təmiz hava, quşların səsi, gül-çiçək ətri hər kəsdə xoş duyğular, sevinc hissi doğurur. Bizim üçün may həm də üç mühüm tarixi hadisə ilə əlamətdardır. Belə ki, 9 May – Faşizm üzərində Qələbə Günüdür. Bu il Qələbənin 80-ci ildönümü qeyd olunacaq. 10 May xalqımız üçün xüsusilə əlamətdardır gündür – Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mayın 28-də isə milli dövlətçilik tariximizin şanlı bayramını – Müstəqillik Gününü qeyd edəcəyik…

9 May – Qələbə Günü səksən il sonra da öz əhəmiyyətini itirməyib. Keçmiş sovetlər birliyinin bütün xalqları kimi bizim üçün də bu, ata-babalarımızın hünər və qəhrəmanlığını rəmzləşdirən bir bayramdır. Faşizm üzərində qələbənin əldə olunması üçün Azərbaycanın oğul və qızlarının göstərdikləri fədakarlıqdan başqa, Bakı neftinin də həlledici rol oynadığı tarixi bir həqiqətdir.

Mən bizə 9 Mayı unutdurmaq, bu bayramı Azərbaycanın təqvimindən çıxarmaq cəhdlərini də yaxşı xatırlayıram. Yalnız Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı nəticəsində bu cəhdin qarşısı alındı. Xalqımızın dahi oğlu, müstəqil dövlətimizin qurucusu şərəfli keçmişimizə ehtiramı yenidən milli dəyərlər sisteminə qaytardı. Azərbaycanın tarixi taleyində Ulu Öndərin müstəsna yeri var: müasir dövlətimizin banisi və qurucusu kimi onun adı xalqımızın yaddaşına əbədi həkk olunub. Müstəqilliyin bərpası ərəfəsində və sonrakı bir neçə ildə ölkəmizdə yaşanan ağır günlər xatirimdədir. 1993-cü il 15 iyunda yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər öz polad iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı parçalanmaqdan, dövlətçiliyimizi süquta uğramaqdan xilas etdi, bu günkü inkişaf və qələbələrimizin təməlini qoydu. Onun müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrü həm canlı şahid, həm də dünyagörüşü, gələcəyə baxışı məhz o illərdə formalaşan bir insan və vətəndaş kimi daim qürur və minnətdarlıq hissi ilə yada salıram. Milyonlarla həmvətənimiz kimi mən də əminəm ki, Ulu Öndər Heydər Əliyev bizə lazım olan bir anda tarixin və tanrının göndərdiyi əvəzsiz lider, misilsiz şəxsiyyət idi. O, Azərbaycanın həm müstəqilliyini qoruyub möhkəmləndirdi, həm də gələcək inkişaf yolunu müəyyənləşdirdi.

Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirir, xalqımızın ümid və etimadını doğruldur. Cənab Prezident bizə uzun illər qeyri-mümkün görünən işlərin öhdəsindən gəlməyi bacardı: onun rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanın işğal etdiyi bütün tarixi torpaqları azad etdi və bu gün ölkəni  bütün sahələrdə inamla yeni zirvələrə aparır.

9 May Qələbə Günümüz mübarək olsun!

10 May – bizə müstəqil Azərbaycanı və gələcək günlərə inam bəxş etmiş Ulu Öndər Heydər Əliyevi rəhmətlə anır, xatirəsini ehtiramla yad edirik.

Hər il belə əlamətdar günlərdə biz güclü, qüdrətli, müstəqil ölkədə yaşamağın necə böyük xoşbəxtlik olduğunu bir daha dərindən dərk edirik. Bu xoşbəxtliyi mən mayın əlamətdar günlərinə əlavə edəcəyim özəl gündə – mayın 29-da, öz ad günümdə xüsusilə qəlbən duyuram. Yaşasın, güclü və qalib Azərbaycan!

Azər Əsgərov

Seçilən
0
korrespondent.az

1Mənbələr