Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömer Çelik Pakistana hərbi zərbələr endirən Hindistanın hərəkətlərini pisləyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, Ankarada jurnalistlərlə söhbətində Yeni Dehlinin mövqeyini “məsuliyyətsiz”, Pakistan ərazisinə edilən hücumları isə “bölgədə gərginliyin artması və qarşıdurma doğuran addım” adlandırıb.“Zərbələr üçün həm raketlərdən, həm də Hərbi Hava Qüvvələrindən istifadə edən Hindistanın hərəkətləri qəbuledilməzdir. Biz Pakistana edilən hücumları qətiyyətlə pisləyir və rədd edirik”, - deyə hakim partiyanın sədr müavini vurğulayıb.
Siyasətçi Pakistanın terror aktlarını araşdıracaq komissiya yaratmaq təşəbbüsünü xatırladıb. “Bu, düzgün yanaşma idi. Mülki hədəfləri təhdid edən zərbələr deyil, hərtərəfli araşdırma lazımdır”, - deyə Ö.Çelik bildirib.
O, həmçinin Cənubi Asiyada gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırıb. “Ümid edirik ki, bölgədə müharibəyə gətirib çıxara biləcək addımlar bir daha atılmayacaq”, - deyə Ədalət və İnkişaf Partiyasının sədr müavini qeyd edib.