AZ

"Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ

"Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixində əvəzolunmaz yeri vardır. O, ölkəmiz üçün tarixi şəxsiyyət olmaqla yanaşı, həm daxili, həm də xarici siyasətdə atdığı addımlarla bugünkü müasir Azərbaycanın təməllərinin qoyulmasında misilsiz rol oynamışdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan çox ağır vəziyyətdə idi: "SSRİ-nin dağılması ilə ölkədə xaos, siyasi böhran və iqtisadi çöküş hökm sürürdü. Dövlətin yenidən qurulması, sabitliyin və idarəetmənin bərpası zəruri idi. Heydər Əliyev bu olduqca çətin və məsuliyyətli missiyanın öhdəsindən öz dərin siyasi zəkası və təcrübəsi sayəsində uğurla gəldi.

İlk növbədə ölkədə siyasi idarəetmə sistemi yenidən quruldu, daxili xaos və qarşıdurmalar aradan qaldırıldı. Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu, yeni iqtisadi münasibətlər sistemi formalaşdırıldı. Eyni zamanda daxili siyasətdə də demokratik prinsiplərə əsaslanan yeni münasibətlərin əsası qoyuldu.

Heydər Əliyevin fəaliyyətində xarici siyasət də xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri genişləndi, beynəlxalq arenada nüfuzu artdı. Ən vacib məsələlərdən biri isə birinci Qarabağ müharibəsində atəşkəsə nail olunması idi. Bu atəşkəs Azərbaycan üçün öz qüvvələrini toparlamaq və dövlətçiliyini möhkəmləndirmək üçün mühüm imkan yaratdı".

Siyasi şərhçi qeyd edir ki, atəşkəsdən sonra xarici kapitalın Azərbaycana axını başladı: "Dünyanın iri enerji şirkətləri ölkəmizə sərmayə yatırmağa başladı. Ən önəmlisi isə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" idi. Bu müqavilə Heydər Əliyevin uzunmüddətli və qətiyyətli diplomatik səylərinin nəticəsi idi və Azərbaycanın inkişafında yeni bir mərhələnin əsasını qoydu.

Heydər Əliyevin xarici siyasətdəki ən mühüm uğurlarından biri də balanslaşdırılmış siyasət yürütməsi idi. O, regionda və dünyada maraqları toqquşan böyük dövlətlər arasında tarazlıq yaratmağı bacarırdı. Məhz bu balans siyasəti sayəsində Azərbaycan xarici təzyiqlərdən qorundu və müstəqil siyasət yürütmək imkanı əldə etdi.

Bütün bunlar sübut edir ki, Heydər Əliyevin müasir Azərbaycana verdiyi töhfələr saysız-hesabsızdır. Onun xidmətləri zaman keçdikcə daha dərindən dəyərləndiriləcək, gələcək nəsillər tərəfindən geniş şəkildə öyrəniləcək və yüksək qiymətləndiriləcək".

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
0
sia.az

1Mənbələr