BAKI, 7 may. TELEQRAF
2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgidə xüsusi stend təşkil edəcək.
Bu barədə Teleqraf-a KOBİA-dan məlumat verilib.
Bildirilib ki, kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.
Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.