2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktrisa Xəyalə Quliyeva kimdir?
Publika.az musavat.com-a istinadən aktrisasının dosyesini təqdim edir.
Xəyalə Quliyeva — Azərbaycanlı aktrisa və televiziya simasıdır. Onun yaradıcılığı əsasən yumoristik janra yönəlib və tamaşaçılar arasında öz məişət situasiyalarını ustalıqla və səmimi şəkildə canlandırması ilə sevilir. “Çəkirəm ha” verilişi ilə populyarlıq qazanan aktrisa xüsusilə “Komedixana” layihəsindəki rolları ilə tanınıb.
O, müxtəlif komik obrazlarda çıxış edərək, qadın rollarını həm klassik, həm də müasir formada təqdim edir. Onun səhnə plastikasında və zarafatlarında Azərbaycan qadınına xas olan ştrixlər tez-tez özünü göstərir ki, bu da izləyicilərə yaxın gəlir.
Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edib.
O, qarmon ifaçılığı üzrə musiqi məktəbini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub.
2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında “Çəkirəm ha” layihəsi ilə efirə çıxıb. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çoxsaylı izləyici kütləsi yığıb.
2018-ci ildə qatıldığı “Maşın” şou 17-ci sürət Hind Kinosu layihəsində tamaşaçıların dəstəyi ilə şounun qalibi olub.