AZ

Ümummilli liderin mədəniyyət siyasəti

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhərində ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib. Toplantı Ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra müşavirə iştirakçıları və qonaqlar Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi və Ulu öndərə həsr edilən kitablardan ibarət ekspozisiya ilə tanış olublar.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndərin zəngin dövlətçilik irsindən söz açıb, dahi siyasətçinin mədəniyyətimizi milli kimliyimizin təməl daşı kimi dəyərləndirdiyini vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mədəni irsi beynəlxalq təşkilatlarda tanınıb, ölkəmiz mədəniyyətlərarası dialoq və əməkdaşlıq məkanına çevrilib.

Heydər Əliyev Mərkəzində Ümummilli liderin irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.

Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ulu öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüb. Sonra səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif olunub.

Məclisdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ümummilli liderə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib, musiqili proqram təqdim olunub.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

 

Seçilən
0
5
xalqqazeti.az

8Mənbələr