AZ

Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri arasında Yüksək Dialoq tədbiri keçirilib - VİDEO

Mayın 6-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri (MMU) arasında "Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə Yüksək Dialoq" tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə hər iki ölkənin MMU rektorları, baş idarə, idarə rəisləri, təhsil müəssisələrinin rəhbərləri, zabitlər və professor-müəllim heyəti iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin institutun ərazisində ucaldılmış abidəsi və şəhidlərin memorial kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Heydər Əliyev adına Hərbi İnstitutun klubunda davam edən tədbirin rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və hər iki ölkənin suverenliyi və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov tədbir iştirakçılarını salamlayıb, Azərbaycan-Türkiyə MMU-ları arasında hərbi təhsil sahəsində Yüksək Dialoq tədbirinin keçirilməsini əlamətdar hadisə adlandırıb və bu gün qardaş Türkiyə heyətinin bu tədbirdə iştirakını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsində təzahürü olduğunu xüsusi vurğulayıb. Hərbi qulluqçuların, xüsusilə də zabitlərin hazırlığının aktual məsələlərini müzakirə etmək üçün təhsil müəssisələri və qoşun növlərini bir araya gətirən bu yanaşmanın Türkiyə təcrübəsi əsasında Azərbaycan Ordusunda ilk dəfə tətbiq olunduğunu qeyd edən general-mayor G.Əbdülov, son illərdə keçirilən görüşlərin, təşkil olunan tədbirlərin hər iki qardaş ölkə üçün hərbi təhsil sahəsində öz səmərəliliyi ilə seçildiyini qeyd edib.
Daha sonra çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan və Türkiyənin uzun illərdir davam etdirdiyi və bu gün dövrünün ən pik çağlarını yaşayan əməkdaşlığın müəyyən hissəsi olan hərbi təhsil sahəsində əldə olunan innovativ yeniliklərin tətbiqini iki ölkə arasındakı qardaşlıq bağlarının, sarsılmaz əlaqələrin göstəricisi olduğunu qeyd edib.
Sonda tədris prosesinin təkmilləşdirilməsi üzrə işçi qruplar tərəfindən plana uyğun fəaliyyətlər icra olunub.

Seçilən
0
50
unikal.az

10Mənbələr