UEFA prezidenti Aleksander Çeferin İtaliyada futbol infrastrukturunun vəziyyətini sərt tənqid edib.
Operativ Media xəbər verir ki, o, İtaliyanın böyük futbol tarixinə sahib olduğunu vurğulasa da, ölkənin infrastruktur baxımından geridə qaldığını bildirib: "Düşünürəm ki, İtaliyanın futbol infrastrukturu biabırçılıqdır. Siz Dünya və Avropa çempionatlarını, həmçinin Çempionlar Liqasını qazanan böyük futbol ölkəsisiniz. Amma eyni zamanda, böyük ölkələr arasında ən pis infrastruktura sahibsiniz."
Çeferin, uzun illərdir davam edən müzakirələrdən yorulduğunu qeyd edərək, İtaliya hökumətini, bələdiyyələri və özəl sərmayəçiləri təcili tədbirlər görməyə çağırıb: "Düzünü desəm, bu infrastruktur müzakirələrindən bir az yorulmuşam. İtaliyadan gözləntim budur ki, artıq danışmaq yox, hərəkət vaxtıdır. Vəziyyət çox pisdir."
Qeyd edək ki, İtaliya və Türkiyə 2032-ci il futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi edəcəklər.