Dünya Alpaqut Federasiyasının (DAF) nümayəndə heyəti Özbəkistana rəsmi səfər edib. Səfər çərçivəsində nümayəndələr Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev tərəfindən qəbul olunublar.
Görüş zamanı Alpaqut döyüş sənətinin Türk dünyasında və beynəlxalq səviyyədə tanıdılması, gələcək inkişaf istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Səfir Hüseyn Quliyev bu sahədə həyata keçirilən təşəbbüslərin Türk xalqları arasında mədəni və idman əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Səfərdə Dünya Alpaqut Federasiyasının Fəxri prezidenti və idarə heyətinin üzvü Fərid Əlizadə, idarə heyətinin sədri Vasif Namazov və İnkişaf və Araşdırma məsələləri üzrə vitse-prezident Tural Abasquliyev iştirak ediblər.
Tərəflər Alpaqutun gələcək regional təşviqatı, ortaq layihələr və beynəlxalq platformalarda təmsilçiliyi barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda iştirakçılar xatirə şəkli çəkdirib və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq ifadə ediblər.