AZ

Asiya İnkişaf Bankı Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını başa çatdırmaq üzrədir

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla 2025-2029-cu illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını başa çatdırmaq üzrədir.

Day.Az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoru Yevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin sualını cavablandıran zaman bildirib.

"Hazırda biz strategiyanı Azərbaycan hökuməti ilə müzakirə edirik və iki əsas istiqamətə diqqət yetirməyi planlaşdırırıq. Birinci istiqamət - "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, ikinci isə aşağı karbonlu bağlantının və inklüziv inkişafın təşviqidir", - deyə o qeyd edib.

Jukovun sözlərinə görə, son illər AİB-nin Azərbaycandakı proqramı başlıca olaraq özəl sektora yönəlib.

"Keçən il dövlət sektorunda iki layihə təsdiqləndi, hər ikisi dəmir yolu infrastrukturunun inkişafı ilə bağlıdır. Layihələrdən biri şimal-cənub dəmir yolu istiqamətini əhatə edir. Digəri isə Azərbaycanın dəmir yolu şəbəkəsinin rəqəmsallaşdırılması ilə bağlıdır", - deyə o bildirib.

Jukov əlavə edib ki, özəl sektorda AİB bərpa olunan enerji sahəsində, xüsusilə "Masdar" şirkəti və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bir sıra iri layihələr həyata keçirir.

"2022-ci ildə Ələt qəsəbəsində böyük bir layihəni təsdiqlədik və bu layihə artıq tam istismara verilib. Keçən il COP29 tədbiri çərçivəsində günəş enerjisi üzrə yeni layihələrə dair öhdəliklər götürdük. Bu il isə özəl sektorla iş üzrə departamentimiz oxşar miqyasda külək enerjisi sahəsində layihələr hazırlayır", - deyə o vurğulayıb.

Seçilən
0
1
day.az

2Mənbələr