Narahatlığa baxmayaraq, ukraynalılar mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçirilən parada hücumu istisna edirlər.
Hafta.az xəbər verir ki, bu haqda "The Washington Post" Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadla yazır.
Qeyd olunur ki, Rusiyada Ukraynanın bu fürsətdən istifadə edərək Kremli müttəfiqləri qarşısında biabır edə biləcəyi ilə bağlı spekulyasiyalar artır.
Bununla belə, Ukraynanın yüksək rütbəli müdafiə rəsmisi nəşrə bildirib ki, uğur şansının az olması səbəbindən cəhd ehtimalı azdır.
"Gördüyünüz kimi, Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri Moskvanı qorumaq üçün yenidən yerləşdirilib. Cəhd olsa belə, bu, uğurlu alınmayacaq. Ola bilsin ki, Ukrayna Moskvanı yox, başqa regionları vursun".
Digər müdafiə rəsmisi əlavə edib ki, Çin, Hindistan və hətta Avropadan olan rəsmilərin iştirak etməyi planlaşdırdığı Qırmızı Meydan tədbirinə hücum Rusiyanın cavab tədbirinə səbəb ola və Vaşinqtonu qəzəbləndirə bilər.
O, Ukraynanın hücum planlaşdırması ilə bağlı fərziyyələri “həddindən artıq şişirdilmiş” adlandırıb.
Moskvaya zərbələr...
Ukraynanın son iki gündə Moskvaya hücumları səbəbindən Moskva və Rusiyanın digər bölgələrdə hava limanları bağlanıb. Moskvanın dörd hava limanı - Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski - gecə pilotsuz təyyarələrin hücumu səbəbindən çərşənbə axşamı fəaliyyətini müvəqqəti dayandırıb.
Ukrayna 2023-cü ilin yazında mütəmadi olaraq Rusiyaya pilotsuz təyyarələrlə zərbələr endirməyə başlayıb - iddialara görə, iki pilotsuz təyyarə Kremlin ətrafına çatıb, lakin vurulub. O vaxtdan bəri Kiyev əsasən Rusiyanın neft anbarlarını və Moskvadan kənarda yerləşən hərbi obyektlərini hədəfə alıb. Bəzən paytaxtdakı obyektlər də hədəfə alınır, lakin çox effekt vermir.
Moskva meri Sergey Sobyanin səhər tezdən Moskvaya yaxınlaşan 19 pilotsuz təyyarənin vurulduğunu bildirib. Onun sözlərinə görə, onlar insan tələfatı və ciddi dağıntılara səbəb olmayıb. Moskvanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan pilotsuz təyyarənin qalıqları Kremldən təxminən 11 kilometr aralıda, metronun “Kaşirskaya” stansiyası yaxınlığındakı yaşayış binasının üzərinə düşüb.