AZ

Rusiyadan zəng edib mənimlə maraqlanmadılar - Azər Badamov Modern.az-a DANIŞDI

Milli Məclisin deputatı Azər Badamov bazar günü Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və bu ölkədən deport olunub. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Azər Badamovun daxil olduğu nümayəndə heyətinin səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədi daşıdığı qeyd edilib.
 

Hadisənin iştirakçısı - deputat Azər Badamov nəhayət özü də danışıb. O, Modern.az saytına bildirib ki, olay  nümayəndə heyəti üçün gözlənilməz olub:
 

“Əvvəlcədən elan edilmədən belə bir qadağanın tətbiq olunması bizi üçün gözlənilməz idi. Biz Rusiya sərhəd-keçid məntəqəsindən prosedurlara uyğun keçmişdik. Həştərxana təyyarə gözləyirdik. Bu zaman gözlənilmədən Sərhəd Xidmətinin əməkdaşları yaxınlaşaraq mənim sənədərimdə uyğunsuzuq olduğunu və onlarla bir yerdə getməli olduğumu dedilər. Təbii ki, qanuna müvafiq şəkildə onların tələbinə əməl etdim. Həmkarlarımdan ayrılaraq sərhədçilərlə bir yerdə müəyyən olunmuş yerə yollandıq. Sonra da pasportumu alıb müəyyən olunmuş otaqda 1 saata yaxın araşdırma apardılar. Araşdırmalardan sonra xidmətin rəisi əlində bildirişlə yaxınlaşıb mənim Rusiyaya girişimin qadağan edildiyini, ölkəmə qayıtmalı olduğumu bildirdi”. 


Deputat hadisə ilə əlaqədar Rusiyadan nə gözlədiyini dilə gətirib:
 

“Bildirişdə qeyd olunmuş qadağalarla bağlı maddə reallıqdan uzaqdır. Ümid edirəm ki, bu anlaşılmazlıq olar. Rusiyanın aidiyyəti orqanları bu məsələni araşdırıb reaksiyanı verərlər, məsələyə aydınlıq gətirilər”.


A.Badamov ona qarşı mədəni davranıldığını söyləyib:
 

“Mənə qarşı fiziki addım atılmadı. Çox mədəni davrandılar. Sərhəd Xidmətinin əməkdaşları işlərini qanun çərçivəsində icra etdilər. Rusiyanın ərazisində olduğumuza görə, bu ölkənin qanunlarına hörmətlə yanaşaraq onların tələblərilə razılaşmalıydım”.


Müsahibimiz Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupundan ona zəng edib maraqlananların olmadığını da deyib:


“Uzun illərdir ki, Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun və Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məlcisi arasındakı komissiyanın üzvüyəm. Bu illər ərzində Azərbaycanla Rusiya arasında əlaqələrə töhfə verməyə çalışmışam. Təəssüf ki, bu hadisədən sonra Rusiya tərəfindən heç kim mənə zəng edib baş verənlər barədə məlumat almadı”.


"Nümayəndə heyəti də sizə görə səfəri boykot edib geri qayıda bilərdilərmi" sualına cavabında Azər Badamov deyib:
 

“Xeyr. Bizim Həştərxana səfərimizin məqsədi Ulu öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək idi. Bu tədbirdə mən olmasam da, digər həmkarlarımın iştirak etməsi vacib idi. Onlar bu gün həmin tədbirlərdə iştirak edirlər”.

Seçilən
0
1
modern.az

2Mənbələr