Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.
Bir müddət əvvəl N.Məmmədova polisə müraciət edərək təsadüfən tanış olduğu taksi sürücüsünün onu aldadaraq 4500 manat pul aldığını və geri qaytarmadığını deyib.
Şikayətçi bildirib ki, ötən ilin avqustunda “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib və sifarişi adının sonradan Şəhriyar olduğunu bildiyi şəxs yerinə yetirib. Yolda olarkən onların arasında işlə bağlı söhbət olub və N.Məmmədova işdən çıxmaq istədiyini bildirib.
Şəhriyar özünü “Qızıl Buta” jurnalının əməkdaşı kimi təqdim edərək sərnişinə “iş vəsiqəsi”ni göstərib. O, guya jurnalın rəhbəri olan Cəmilə adlı qadının yüksək vəzifədə təmsil olunan şəxslərdən birinin qohumu olduğunu deyib və N.Məmmədovanı aylıq 2 min manat maaşla həmin jurnala işə götürəcəyinə dair vəd verib. Bu məqsədlə Şəhriyar sükan arxasında Cəmilə kimi təqdim etdiyi şəxsə də “zəng edərək” yeni işə götürüləcək qadınla bağlı məlumat verib.
Bundan sonra sərnişinlə sürücü arasında qarşılıqlı ünsiyyət yaranıb. Şəhriyar 60 min manatının olduğunu və bu pula “Range Rover” markalı avtomobil alacağını bildirib. O, N.Məmmədovaya maşın almaq üçün 4500 manatının çatmadığını deyib və həmin pulu işə düzəltməyə görə verməsini xahiş edib. Taksi sürücüsünün vədlərinə inanan sərnişin də 3500 manat nağd pulu və mağazadan “Iphone” markalı telefonu kreditə götürərək ona verib. Şəhriyar yeni telefonu dərhal başqa mağazada 1850 manata satıb və N.Məmmədovaya onu 1000 manata satdığını deyib.
Lakin bir neçə həftə keçdikdən sonra taksi sürücüsünün yalan danışdığı, vədlərinin həqiqətə uyğun olmadığı üzə çıxıb.