AZ

Azərbaycanda qeysəriyyə “qətliamı” - şok rəqəmlər

Ölkədə bu əməliyyat nəticəsində ana və uşaq ölümlərinin sayı durmadan artır; professor həyəcan siqnalı verdi

Bakıda 18 yaşlı gənc qadın qeysəriyyə əməliyyatından sonra vəfat edib. Aprelin 26-da Sumqayıt Tibb Mərkəzində qeysəriyyə əməliyyatı olunan Kürdəmir rayon sakini 2007-ci il təvvəllüdlü Tahirə Sahir qızı Hüseynovanın daha sonra halı pisləşib. Bundan sonra o, Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib və mayın 1-də ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.az-a bildirib ki, erkən nikahlarla bağlı mübarizə tədbirləri gücləndirilsə də, bəzi valideynlərə görə bu cür halların tam qarşısını almaq mümkün olmur: “Erkən evliliklərin ən ağır nəticələrindən biri ana və uşaq ölümləridir. Təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, hələ də övladlarını erkən yaşda ailə qurmağa vadar edən valideynlər var. Valideynlərə bir daha səslənirik - övladlarınızın gələcəyini təhlükəyə atmayın, onları erkən nikahdan qoruyun”.
Xatırladaq ki, bu ilin fevralında Şəkidə qeysəriyyə əməliyyatı ilə sağlam uşaq dünyaya gətirən 27 yaşlı ana da ölüb. Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 27 yaşlı Nigar Kərəm qızı Qarayevanın doğuşdan bir gün sonra vəziyyəti pisləşib və boğulmadan dünyasını dəyişib. 
Onu da deyək ki, 2025-ci ilin körpə ölümü ilə bağlı ilk fakt Zaqatalada qeydə alınıb. Bu rayonda iki ana doğuş zamanı körpəsini itirib. İlin əvvəlində Gəncədə də körpə ölümü qeydə alınıb. Şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döllə daxil olub. Digər hadisə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.
Ümumiyyətlə, Azərbaycanda son illər qeysəriyyə əməliyyatı dəb halını alıb. Statistik məlumatlar da bunu təsdiq edir. Təkcə 2023-cü ildə 531 körpə ölü doğulub.
Həkimlərə görə, qeysəriyyə əməliyyatları hər nə qədər doğuşun alternativ və bəzi hallarda yeganə çıxış yolu olsa da, bu müdaxilə həm ana, həm də körpə üçün müəyyən risklər daşıyır. Azərbaycanda bu əməliyyatların sayında artım fonunda ana və körpə ölümlərinin də müşahidə olunması ciddi narahatlıq doğurur. Bildirilir ki, əsas risk faktorları kimi bir neçə amil nəzərə alınmalıdır. Belə ki, qeysəriyyə əməliyyatı zamanı istifadə olunan ümumi və ya epidural anesteziya bəzi hallarda allergik reaksiyalara, qan təzyiqinin kəskin düşməsinə və ya tənəffüs problemlərinə səbəb ola bilər. Əməliyyat zamanı və ya sonrasında normadan artıq qan itirilməsi həyat üçün təhlükəli vəziyyət yarada bilər. Əməliyyat steril şəraitdə aparılmadıqda və ya sonrakı qulluq düzgün olmadıqda infeksiyalar yayılıb ağırlaşmalara səbəb ola bilər. Eləcə də hamiləlik zamanı gizli gedən və ya nəzarətdə saxlanılmayan şəkərli diabet, yüksək təzyiq, qan laxtalanma problemləri kimi hallar ölüm riskini artırır.
Bəzi bölgələrdə ixtisaslaşmış ginekoloq-cərrahların çatışmazlığı və ya təcrübəsiz həkimlərin müdaxiləsi ölüm hallarına gətirib çıxara bilir. Rayon xəstəxanalarında müasir tibbi avadanlıqların olmaması və ya köhnə olması zamanında müdaxiləyə mane ola bilər. Qeysəriyyə əməliyyatından sonra vəziyyəti pisləşən xəstənin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə çatdırılmaması ölüm riskini artırır.
Həkimlər vurğulayır ki, 18 yaşdan aşağı ana olmaq həm psixoloji, həm də bioloji baxımdan böyük riskdir. Yetkinlik dövrünü tam başa vurmamış qızların orqanizmi hamiləliyi və doğuşu tam qaldıra bilmir. Bəzi hallarda valideynlərin və ya ailə böyüklərinin təzyiqi ilə tez hamiləlik və qeysəriyyəyə qərar verilir ki, bu da fəsadlara yol açır.
Adil Qeybulla istefa verdi Pravda.az
Adil Qeybulla 
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, nikaha daxil olmağın müəyyən yaş hüdudu qanunla tənzimlənsə də, burada həm də fizioloji proses, tibbi göstərişlər nəzərə alınır: “Əvvəla nikaha girən bir şəxsin həm psixoloji, həm də fizioloji yetkinliyi olmalıdır. Bunun nəzərə alınması isə bizim ölkəmiz üçün çox ciddi problemdir. Digər tərəfdən, ölkəmizdə problemlərdən biri də yaxın qohum nikahlarıdır. Bunu da tam ləğv etmək olmaz, amma buna qarşı təbliğat müəyyən nəticəsini verib. Digər məsələ isə hamiləliyin planlanması məsələsidir. Çox təəssüflər olsun ki, bizdə hamiləliyin planlanmasında qüsurlar var. Qadınlar hamiləlik dönəmində aylarla həkimə getmirlər. Doğuşa az qalmış həkim axtarmağa başlayırlar. Buna görə də belə fəsadlar yaşanır. Hamiləliyin gedişi monitorinq olunmalıdır, nəzarət altına alınmalıdır. Hamiləliyin hər trimestrində bir neçə dəfə yoxlanma olmalıdır. Heç olmasa ayda bir dəfə müayinə olunmalıdır və ona uyğun olaraq da qərar verilməlidir. Həm bu yoxlamalar olmadığına görə, həm də yanaşı xəstəliklər təsir edə bilər. Məsələn, qaraciyərdə virus hepatitləri olur. Yaxud başqa digər yanaşı xəstəlikləri, böyrək çatışmazlığı  olur və sair . Hamiləlik kimi ciddi fizioloji dəyişikliklərin fonunda fəsadlar, ağırlaşmalar olur. Ölümlərin əksəriyətinin səbəbi bununla bağlıdır. Düzdür, tibbi səbəbləri də var, əməliyyat zamanı buraxılan səhvlər və s. Hər halda, bunların hər biri araşdırılmalıdır. Buna uyğun da məsuliyyət müəyyən edilməlidir”.
Seçilən
0
1
yenilik.az

2Mənbələr