AZ

"Barselona"nı finalda görürəm, PSJ - "Arsenal" oyununda isə..." - Arif Əsədov

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyunlarını dəyərləndirib.

Təcrübəli mütəxəssis Fanat.Az-a açıqlamasında bu gün və sabah baş tutacaq “İnter” (İtaliya) – “Barselona” (İspaniya) və PSJ (Fransa) – “Arsenal” (İngiltərə) qarşılamaları barədə belə danışıb: 

"Ötən həftə səfərdə oynayan hər iki komanda - həm "İnter", həm də PSJ ilk qarşılaşmadan sərfəli nəticə ilə dönməyi bacarıb. İtaliyalılar "Barselona" ilə 3:3-lük heç-heçəyə nail olub, fransızlar isə "Arsenal"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu baxımdan, üstün görünə bilərlər. Amma nəzərə almaq lazımdır ki, "Arsenal" və "Barselona" üçün səfər amili nisbidir. Hətta deyərdim ki, ingilislər səfərdə evdəkindən daha yaxşı təsir bağışlayırlar. ÜMumiyyətlə, son dövrlərin ən güclü, ən layiqli yarımfinal cütlərinin ifasında maraqlı oyunlar izləyirik.

Bilirik ki, "Barselona" açıq oyuna üstünlük verən komandadır. İlk dəqiqələrdən rəqibi qapısına doğru sıxmağa çalışacaq. Bir növ İspaniyadakı ssenarinin davamı olacaq. "İnter" praqmatik, nəticəyə yönəlik oyunu ilə seçilir. İtaliya təmsilçisində Simeone İnzaqi amilini qabartmaq lazımdır. İllərdir bu komandadadır, dəst-xətti ilə seçilir. 
Mən "Barselona"nı favorit hesab edirəm. Konkret proqnoza gəlincə, 60-40-a kataloniyalıları finalda görürəm. 

O ki qaldı sabahkı oyuna, PSJ-də son illərin ən yaxşı komandası formalaşıb. Həm məşqçi, həm də heyət baxımından xeyli gücləniblər. Luis Enrike fəlsəfəsini aşılaya bilib. PSJ ispaniya futbolu, "Barselona" tərzində oynayır. Heyətlərində də bu tərzdə çıxış etməyi bacaran futbolçular var. Bu baxımdan, oyunçu keyfiyyəti çox yaxşıdır. "Arsenal"da ulduz futbolçular az olsa da, Mikel Arteta yaxşı komanda formalaşdırıb. Bu cütün mübarizəsində şansları 50-50-yə dəyərləndirirəm. Mütləq hansısa komandanı fərqləndirmək lazım gələrsə, "Arsenal"ın müəyyən üstünlüyünün olduğunu qeyd edə bilərəm".

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr