AZ

Şok iddia: Sovetin kosmik stansiyası Azərbaycana düşə bilər

Sovet İttifaqı dövründə kosmosa buraxılan, çəkisi təxminən yarım ton olan planetlərarası "Kosmos-482" stansiyası yaxın günlərdə Yerə düşəcək.

“Cebheinfo.az” Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssislərin orbital parametrlər əsasında aparılan hesablamalar göstərir ki, aparat tamamilə quru üzərinə, çox güman ki, Misir, Suriya, Türkiyə, Azərbaycan və Cənub-Şərqi Avropanın ərazisinə düşə bilər. Ona görə də modulun yaşayış məntəqələrinə düşməsi riski var.

Qeyd edək ki, “Kosmos-482” stansiyası 1972-ci ilin martında Baykonurdan buraxılmış və Veneraya doğru yola salınmalı idi. Lakin start zamanı raketin son mərhələsində texniki nasazlıq baş vermiş, nəticədə aparat Yer orbitində ilişib qalmışdı.

Onun dəqiq hansı gündə Yerə düşəcəyi hələ məlum deyil. May ayının birinci yarısında baş verəcəyi gözlənilir.Mütəxəssislər cihazın yaşayış məntəqələrinə düşmə təhlükəsinin olduğunu bildirirlər.

NASA-nın məlumatlarına görə, “Kosmos-482” dörd hissəyə bölünüb. Onlardan ikisi orbitdən çıxaraq atmosferdə yanıb, lakin digər ikisi, o cümlədən 500 kiloqramlıq "spusk" aparatı hələ də elliptik orbitdə qalıb.

Kosmik araşdırmaçı Georgi Trişkin bildirib ki, “Kosmos 482”nin titan materialından hazırlanmış yanacaq çənlərinin bir hissəsi artıq orbitdən çıxaraq Yeni Zelandiyaya düşüb. Kosmik qurğuların Yerə düşməsi adi halda ciddi təhlükə yaratmır. Əksər hallarda onlar atmosferə daxil olduqda parçalanır və yanaraq yox olur. Məsələn, böyük “Mir” orbital stansiyası xüsusi olaraq Yerə yönəldilmiş və qalıqları Sakit Okeana düşmüşdü.

Lakin “Kosmos 482” üçün vəziyyət fərqlidir. Bu cihaz Veneranın sıx atmosferinə və yüksək temperaturuna tab gətirmək üçün dizayn edildiyindən, ehtimal edilir ki, Yer atmosferinə daxil olduqda parçalanmadan sağ çıxacaq.

“Eniş modulu Veneranın daha sərt atmosfer şəraitinə uyğunlaşdırılıb. Bu səbəbdən istilik qalxanı və hermetik hissə Yer atmosferinə daxil olduqdan sonra da salamat qala bilər. Amma aparatın tam şəkildə yerə çatması az ehtimal olunur. Uzun müddət əvvəl paraşütünün ayrıldığını müşahidə etmişik, bu isə strukturun artıq zəiflədiyini göstərir”, - deyə Georgi Trişkin bildirib.

Georgi Trişkinin sözlərinə görə, orbitin analizi göstərir ki, düşmə trayektoriyası əsasən quru ərazilər üzərindədir:

“Ehtimal olunan zolaq Misir, Suriya, Türkiyə və Azərbaycanın üzərindən keçir. Əgər aparat tam şəkildə yerə çatsa və 242 km/saat sürətlə zərbə vursa, bu, yüzlərlə qram trotil ekvivalentində partlayış gücündə bir enerji ortaya çıxara bilər”.

Seçilən
0
cebheinfo.az

1Mənbələr