AZ

Azərbaycanda barama istehsalı mövsümünə start verildi

BAKI, 6 may. TELEQRAF

Azərbaycanda 2025-ci il barama istehsalı mövsümünə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib.

Tədbirdə nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb.

Plana uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsulistehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.

Qeyd edək ki, 2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada cari ildə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmi nəzərə alınmaqla Çindən 5000qutu ipəkqurdu sənaye toxumları tədarük edilib. Eyni zamanda, Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.

Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyası, Zərdab Baramaqurutma Məntəqəsi, Zaqatala Baramaqurutma Məntəqəsi və Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.

Tədbirdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə mayın 5-dək kümçülərə inkubasiyadan sonra 5500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.

Seçilən
0
10
teleqraf.com

10Mənbələr