ABŞ-də illərlə xalqdan gizli şəkildə varlılar və güclülər üçün yeraltı şəhərlər tikildiyi iddia edilib.
Milli.Az xəbər verir ki, bu barədə keçmiş ABŞ prezidenti Corc H. V. Buş dövründə nazir müavini olmuş Ketrin Ostin Fitts açıqlama verib.
Onun sözlərinə görə hökumət 21 trilyon dolları məhz fövqəladə vəziyyətlərdə varlıların sığınması üçün nəzərdə tutulan yeraltı bazalara xərcləyib. Fitts bildirib ki, bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək. İddiaya görə, ABŞ-də azı 170 belə gizli obyekt var və bəziləri hətta okeanların altında inşa edilib.
Ketrin Ostin Fitts əlavə edib ki, bu yeraltı bazalar həmçinin ABŞ-nin məxfi kosmik proqramlarına da xidmət edir. Ekspertlərin sözlərinə görə, son illər dünyada artan müharibə riski, iqlim böhranı və pandemiyalar səbəbilə belə sığınacaqlara maraq varlı təbəqə arasında daha da artıb. ABŞ-də daha əvvəl də "D.U.M.B." (Deep Underground Military Bases) adlanan və hökumətin gizli tunel və bazalar şəbəkəsi olduğu iddiaları gündəmə gəlmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları nə təsdiq edib, nə də təkzib.
Qeyd edək ki, Catherine Austin Fitts ABŞ-də tanınmış maliyyə analitiki, investisiya bankiri və keçmiş dövlət məmurudur. O, xüsusilə maliyyə sistemləri, dövlət büdcəsi və "gizli iqtisadiyyat" mövzusunda tənqidi çıxışları ilə tanınır.
Fitts 1990-cı illərdə ABŞ-ın Mənzil və Şəhərsalma Departamentində katib müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə investisiya bankçılığı sahəsində Wall Street-də fəaliyyət göstərib. Sonralar "Solari Report" adlı platformanı quraraq daha çox qlobal maliyyə sistemində korrupsiya, mərkəzi bankların siyasəti və nağdsız cəmiyyətə keçid kimi məsələlər haqqında araşdırmalar aparıb və çıxışlar edib.
Onun fikirlərində tez-tez ABŞ hökumətinin böyük məbləğdə "izsiz" vəsait itkiləri və maliyyə sisteminin insanların hüquqları üzərində nəzarəti gücləndirməsi tənqid olunur. Qeyri-adi iqtisadi şərhlərinə görə bəzi çevrələrdə konspirasiya nəzəriyyələrinə yaxın biri kimi də dəyərləndirilir.
İsmayıl
Milli.Az