Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakının əsas magistral yollarından biri olan Aeroport yolu illərdir tez-tez baş verən yol-nəqliyyat hadisələri ilə yadda qalır. Bakının ən çox istifadə olunan magistrallarından olan bu yolda qəzalar niyə çox olur? Yol infrastrukturunda hansı texniki və dizayn çatışmazlıqları qəzalara səbəb ola bilər?
Yenisabah.az sözügedən məsələni nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənovla müzakirə edib. Mütəxəssis bir sıra məqamlara toxunaraq, həmin yolda olan qəzaların başvermə səbəblərindən danışıb:
“Mövcud olan yollar, o cümlədən paytaxtın əsas nəqliyyat arteriyalarından biri olan aeroport yolu yüksək sürət həddi ilə seçilir. Burada sürət limiti adətən 70-90 km/saat arası müəyyən olunur. Lakin bu, sürücülərə həmin həddə çatdıqdan sonra istədikləri kimi sürət artırmaq hüququ vermir. Təəssüf ki, bəzi sürücülər radarın yaxınlığında sürəti azaldıb, onu keçdikdən sonra limiti aşaraq hərəkətlərini davam etdirirlər. Bu isə qəza riskini artıran əsas amillərdəndir.
Qeyd edilən yolda texniki baxımdan ciddi bir infrastruktur problemi mövcud deyil. Lakin bir detal diqqətdən qaçmamalıdır – nişanlama xətləri. Hazırda yolda eyni istiqamətli hərəkət zolaqları arasında bütöv qoşa xətt çəkilib. Bu isə yol hərəkəti qaydalarına uyğun deyil. Çünki eyni istiqamətdə hərəkət edən axınları ayırmaq üçün bir ədəd sadə xətt kifayət edir. Bütöv qoşa xətt adətən əks istiqamətli zolaqları ayırmaq üçün tətbiq olunur. Bu cür nişanlama yalnız aeroport yolu ilə məhdudlaşmır, paytaxtın digər əsas magistral yollarında da oxşar hal müşahidə edilir.
Əldə olan məlumata görə, bu cür nişanlama xətləri texniki səhv hesab olunur və buna görə sürücülərə cərimə tətbiq olunması qanuni əsasdan məhrumdur. Lakin bu, heç də o demək deyil ki, sürücülər qaydalara etinasız yanaşmalıdır. Əksinə, hər bir sürücü yol hərəkəti iştirakçısı kimi məsuliyyətli olmalı, həm yol nişanlarına, həm də sürət həddinə ciddi şəkildə əməl etməlidir”.
R.Həsənov statistik məlumatlara əsasən vurğulayıb ki, yol-nəqliyyat hadisələrinin əksəriyyətinin baş verməsinə səbəb kimi məhz yüksək sürət göstərilir:
“Bu qəzalarda həm sürücülər, həm də günahsız piyadalar həyatını itirə və ya ağır xəsarətlər ala bilirlər. Ona görə də hər birimiz bilməliyik ki, qaydalara əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, eyni zamanda insan həyatını qorumaq üçün vacibdir.
Sürət həddini aşmamaq, müəyyən edilmiş piyada keçidlərindən istifadə etmək, nişanlama və işıqforlara diqqət yetirmək – bu sadə qaydalar yollarda təhlükəsizliyi təmin edən əsas amillərdir. Yalnız bu yolla həm sürücülər, həm də piyadalar üçün daha təhlükəsiz bir şəhər mühiti formalaşdırmaq mümkündür”.
Aytac Şahin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.