Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviçi qəbul edib
Həmkarların görüşündə iki təhsil müəssisəsi arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Sonda isə iki universitet arasındakı əməkdaşlıq memorandumu imzalanıb.
Rektor, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin fəaliyyətində prioritet istiqamətlərindən birini təşkil edən beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində həyata keçirilən tədbirlər, son illər əsası qoyulan uğurlu əməkdaşlıqlar haqqında ətraflı danışıb. Professor G.Gəraybəyli həmçinin ATU-nun beynəlxalq standartlara uyğun tədris proqramı, bu sahədə əldə edilmiş nailiyyətlər, ümumilikdə Azərbaycanda mövcud olan səhiyyə sistemi barəsində qonağa məlumatları çatdırıb.
Azərbaycana səfərindən məmnun olduğunu bildirərək, professor Serqey Rubnikoviç rəhbərlik etdiyi qurumun təhsil sistemi, təcrübə proqramları və universitetdə aparılan islahatlar haqqında ətraflı danışıb. O, qeyd edib ki, Belarus Dövlət Tibb Universitetində 3000 yaxın əcnəbi vətəndaş təhsil alır və əcnəbi təhsilalanların sayı hər bir universitetin beynəlxalq nüfüzünun göstəricisidir. Qonaq ATU-nun əldə etdiyi uğurlarını yüksək qiymətləndirərək, iki təhsil ocağı arasındakı əməkdaşlıqdan söhbət açıb.
Görüş zamanı mayın 6-8-də Bakıda keçiriləcək Tibb Festivalının əhəmiyyəti vurğulanıb. Sonda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç iki qurum arasında əməkdaşlıq memorandumu imzalayıblar. Bu sənəd ATU və BDTU arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsi kimi önəmli müddəaları əhatə edir. Saziş həmçinin səhiyyə və tibb təhsili sahəsində müasir yanaşmaları təşviq etmək məqsədi daşıyır. Memorandumda iki ali məktəbin tədris proqramlarının təkmilləşdirilməsi, yeni ixtisas və fənlərin inkişafı, beynəlxalq və regional səviyyəli birgə elmi tədbirlərin təşkil olunması da nəzərdə tutulur.
Qeyd edək ki, Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Serqey Rubnikoviç həmçinin ATU-nun Tədris Stomatoloji Klinikası və Tədris Cərrahiyyə Klinikasını ziyarət edib, burada tələbə və rezidentlərin fəaliyyəti üçün yaradılan şərait, əhaliyə göstərilən tibb xidmətlərinin səviyyəsi ilə tanış olub.