AZ

Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşdi – İrəvandan sərt bəyanat

BAKI, 6 may. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan dünən Rusiya səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra Moskva əleyhinə sərt bəyanatlar verib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Dünən Simonyan keçirdiyi brifinqdə növbəti dəfə anti-Rusiya bəyanatı verib. O bildirib ki, Ermənistana qarşı hibrid müharibə aparılır, xüsusən də Rusiya tərəfindən bunun üçün böyük pullar xərclənir. Spiker rusiyalı ekspertlərin yerli telekanallarda Ermənistanda hakimiyyət dəyişikliyi və mitinqlərə çağırışlar etdiyini də söyləyib.

Milli Məclisin sədri bu bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən dərhal sonra verib. Maraqlıdır, Kopırkin Simonyana nəyi çatdırıb ki, onun son vaxtlar yumşalan anti-Rusiya ritorikasını yenidən sərtləşdirib”, - erməni nəşri qeyd edir.

Mənbə əlavə edir ki, görüşlə bağlı məhdud rəsmi məlumat var:

“Həmin məlumata görə, həmsöhbətlər ikitərəfli, eləcə də parlamentlərarası əlaqələrlə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıb. Həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana gözlənilən rəsmi səfəri ilə bağlı gündəlikdəki məsələlərə də toxunulub.

Xatırladaq ki, Matviyenkonun səfəri ötən ilin sonunda gözlənilsə də, naməlum səbəblərdən təxirə salınmışdı. Son məlumata görə, o, iyunda Ermənistana gələcək”.

Seçilən
0
teleqraf.com

1Mənbələr