AZ

Bu proses sülh sazişinin imzalanmasına töhfə verəcək Politoloq

Metbuat saytına istinadən ain.az xəbər verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya proseslərini davam etdirir və hazırda heç bir fikir ayrılığı yoxdur: "Delimitasiya və demarkasiya prosesi davam edir. Prosesin gələcəkdə davam etdirilməsinin nəzərdə tutulduğu bölmələr hazırda müzakirə olunur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz bu prosesi başa çatdırmaq niyyətindəyik və bunun Gürcüstan sərhədindən İran sərhəddinə qədər həyata keçiriləcəyini artıq qeyd etmişik".

Bəs bu proseslər Azərbaycan-Ermənistan münasibətlərinə və sülh sazişinə necə təsir edir?

Politoloq Əlimusa İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi haqqında xəbərlər sevindiricidir.

Onun sözlərinə görə, əgər bu prosesdə tərəflər bir-biri ilə uyğun dil tapa və prosesi problemsiz apara bilirlərsə, deməli, Azərbaycanla Ermənistan arasında problemə səbəb olan digər məsələlər üzrə də razılığa gəlmək mümkündür:

“Təbii ki, iki ölkənin sərhədində ciddi problem yaşanmayan hissələrdə delimitasiya və demarkasiya məsələlərinin aparılması mümkündür, asandır və düşünürəm ki, hazırda da işlər bu istiqamətdə gedir. Amma bəzi mübahisəli hissələr, kəndlər və s. var. Bu məsələlərin həlli üçün tərəflərin komissiyalarının ciddi şəkildə birgə işləməsi lazımdır. Eyni zamanda dövlət başçılarının və ya yüksək ranqlı dövlət məmurlarının bu prosesə cəlb olunması vacibdir. Mən düşünürəm ki, tərəflər əvvəlcə problemsiz sahələrdə bu məsələləri həll etdikdən sonra mübahisəli sahələrə keçmək istəyirlər. Delimitasiya və demarkasiya prosesinin problemsiz şəkildə aparılması isə gələcək danışıqlara və sülh müqaviləsinin imzalanmasına müsbət təsir göstərəcək”.

Ə.İbrahimov bunun Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdən əl çəkəcəyi anlamına gəlməməli olduğunu vurğulayıb:

“Azərbaycan Ermənistan qarşısında bəyan etmişdir ki, bu şərtlər yerinə yetirilmədən sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Ermənistanda baş nazirindən tutmuş sıravi vətəndaşına qədər hamı konstitusiyada dəyişiklik edilməsi, Azərbaycana ərazi iddiasından imtina və eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatması ilə bağlı məsələlərdən xəbərdardır. Mən düşünürəm ki, bu məsələlər həll olunana qədər delimitasiya və demarkasiya prosesinin yekunlaşdırılması tərəflər üçün şərt olaraq qalacaq. Hazırda bunlar paralel şəkildə aparılır - delimitasiya və demarkasiya məsələləri davam etdirilir, eyni zamanda Azərbaycanın şərtləri çərçivəsində digər məsələlərlə bağlı müzakirələr və fəaliyyətlər həyata keçirilir”.

Politoloqun sözlərinə görə, bütün bunlar müsbət qarşılanmalıdır və həm Azərbaycan, həm də Ermənistan üçün ümidverici haldır ki, gələcəkdə danışıqlar tərəflərin istədiyi formada davam etdirilə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

10Mənbələr