Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan qardaş ölkənin MMU rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusitəyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor E.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.