2023-cü ilin sonlarında Azərbaycanda o qədər də populyar olmayan və rəsmi dövlət qeydiyyatından keçməyən “Abzas Media” adlı qurumun rəhbəri və bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılanda, bu hadisə ABŞ və Avropadan ölkəmiz əleyhinə aparılan təbliğat kampaniyasının əsas istiqamətlərindən birinə çevrilmişdi.
Onların əsas qaynağı USAID, Soros fondu və demokratiya adı altında Qərbin bir sıra ölkələrə təzyiq üçün yaratdığı digər strukturlar idi. Son zamanlar ABŞ Prezidenti Donald Trampın bu tip strukturların fəaliyyətini məhdudlaşdırması prosesin necə getdiyini və bir sıra ölkələrə necə təsir etdiyini nümayiş etdirdi.
Buna misal kimi Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin prankerlərlə danışığını göstərmək olar. Belə ki, şahmatçı Harri Kasparovla danışdığını düşünən Zurabişvili bildirib ki, ABŞ-nin maliyyəni dayandırmasından sonra ölkədə müxalifət çətin vəziyyətə düşüb. O qeyd edib ki, etiraz hərəkatının davam etdirilməsi üçün KİV-ə, xüsusən də regional mətbuata maliyyə lazımdır.
Oxu.Az xəbər verir ki, Azərbaycanda belə proseslərin pərdəarxası barədə “Baku TV”nin araşdırmasında danışılır.
Xatırlayırsınızsa, 2023-cü ilin sentyabrında Qarabağda uğurlu antiterror əməliyyatları keçirən Azərbaycan dövlətinə qarşı Avropa Şurasında, Avropa Parlamentində və ABŞ Konqresində, eyni mərkəzdən komanda alıblarmış kimi, böyük bir şəbəkənin başladığı təbliğat kampaniyasında əsas vurğu məhz Azərbaycan hakimiyyətinin korrupsioner va anti-demokratik imicinin yaradılmasına yönəldilərək, israrla sanksiyaların tətbiqinə, eləcə də Qarabağdakı separatçı erməni azlığın və Ermənistandakı Paşinyan hökumətinin açıq şəkildə dəstəklənməsinə çağırışlar edilir, ölkəmiz əleyhinə qətnamələr çıxarılır va beynəlxalq ictimai rəy formalaşdırılırdı.
2023-cü ilin noyabrında “Abzas Media” işi üzrə həyata keçirilən həbsləri də məhz bu mərkəzlər təbliğat müstəvisində Ermənistan-Azərbaycan savaşının bir şaxəsinə çevirməklə, “Azərbaycan hakimiyyətinin öz tənqidçilərini növbəti susdurma əməliyyatı” kimi xarakterizə edir, ciddi-cəhdlə məsələni siyasiləşdirməyə və saxlanılanların müdafiəsini təşkil etməyə çalışırdılar.
Ancaq bütün bu təzyiqlərə baxmayaraq, hüquq-mühafizə orqanlarımızın “Abzas Media” üzərindən başladığı, artıq yekunlaşan və məhkəmə baxışına təqdim olunan istintaqı təkcə ölkəmiz əleyhinə apanlan həmin təbliğatın və müdafiə çağırışlarıının gerçək məqsədlərinə aydınlıq gətirməklə yetinmir, həm də ABŞ və Avropada yerləşmiş , xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan müəyyən donor təşkilatların Azərbaycanda media, jurnalist, QHT çətiri altında illər uzunu formalaşdırdığı böyük bir şəbəkənin iş üsullarına, ictimai rəyi formalaşdırma va yönləndirmə mexanizmlərinə, qeyri-qanuni maliyyələşmə və rabitə kanallarına, təşkilatlanma formalarına va ictimai-siyasi hədəflərinə də tam işıq salır.
“Abzas Media”, eləcə də bu prosesin davamı olaraq aparılan və bir-birilə sıx bağlı “Toplum TV” işi, çox güman ki, gələcək tarix dərsliklərinə həm də Qərb xüsusi xidmət orqanlarının ölkəmizin ictimai-siyasi, o cümlədən media sektorunda təcrübəsiz gəncləri necə aldadıb ələ aldıqlarının, aldadılmış bu gənclərdən öz ölkəsinin əleyhinə çalışan hansı şəbəkələr formalaşdırmasının və bu proseslərdə də Azərbaycanın sərhəd qonşusu Gürcüstanın ərazisindən platsdarm – əsas dayaq məntəqəsi, qərargah kimi necə istifadə edildiyinin ifşa əməliyyatları kimi düşəcək.
Tanınmayan bir sayta 545 minilik qrant niyə verilib və bu, hökümətdən niyə gizlədilib?
Yəqin, çoxlarımıza maraqlıdır ki, ictimai rəydə jurnalist kimi tanınmayan və hər hansı xüsusi yaradıcı zəkasıyla seçilməyən 2-3 nəfərin “media qurumu” kimi idarə etdiyi bir sayta müharibə şəraitinin olduğu, Qərb institutları ilə münasibətlərin kəskinləşdiyi bir dövrdə – 2020-2023-cü illərdə 545 278.46 manat niyə, hansı məqsədlə ayrılıb və bu pullar niyə dövlətdən gizlədilib, üstəlik, onun 459 294.57 manatı ölkəyə xüsusi risk altında, jurnalistlərin həyatlarını təhlükəyə atmaqla – açıq-aşkar cinayət törətməklə, dövlət sərhədindən qaçaq yollarla gətirilib?!
Əlbəttə, bizim diqqətimizi çəkən bu detal hüquq-mühafizə orqanlarının da diqqətini dərhal çəkib və cinayətin əsas təşkilatçıları olmaqda şübhəli bilinən şəxslərin ilkin dindirilmə zamanı əvvəlcə yalan danışmalarına, daha sonra isə ifşa olunmaq qorxusuyla ifadə verməkdən imtina etmələrinə baxmayaraq, konkret faktlarla, təkzibedilməz dəlil-sübutlarla həm bu pulların mənbəyini, məqsədini, həm də hansı ölkələrdə nağdlaşdırılaraq ölkəyə necə gətirildiyini və hara xərcləndiyini, eləcə də media va QHT sektorunda illər uzunu formalaşdırılmış böyük bir şəbəkəni tam şəkildə çözüb, dəqiqləşdirib və ittiham aktına daxil ediblər.
Elan olunmuş ittiham aktından bəlli olur ki, özünü “Abzas Media” adlı qurumun rəhbəri kimi təqdim edən Ülvi Həsənov, bas redaktoru Sevinc Vaqifqizi (Abbasova), tərcüməçi və köməkçi Məhəmməd Kekalov, videoreportyorlar Nərgiz Absalamova və Elnarə Oasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadi məsələlər üzrə ekspert Fərid Mehralızadə və digərləri “Abzas Media” adından təkcə 2020-2023-cü illər ərzində 15 layihənin həyata keçirilməsi adı altında ölkənin milli qanunvericiliyinə zidd şəkildə xarici donorlardan toplam məbləği 545 278.46 manat olan xüsusilə külli miqdarda maliyyə vəsaiti əldə edərək, qanunsuz sahibkarlıq fəaliyyəti məşğul olub, bu məbləğin 459 294.57 manatını xaricdə nağdlaşdıraraq, qaçaqmalçılıq yolu ilə, gömrük yoxlamasından gizlətməklə ölkəyə gətirib, 82 467.58 məbləği isə məhz Azərbaycandakı bankların bankomatlarından çıxararaq aralarında bölüşdürüblər.
Üstəlik, həmin vəsaiti mənimsəmək üçün donor təşkilatlara saxta sənədlər, hesabatlar da hazırlayıb təqdim edərək, 64 022.10 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar…
Əlbəttə, bu məsələnin yalnız görünən tərəfidir – adları çəkilən şəxslərin ilk baxışdan tamah məqsədi ilə belə bir cinayətlərə əl atdıqları təəssüratı yaranır.
Ancaq “Abza sMedia”ya donorluq edən təşkilatların siyahısı və onların Qərb xüsusi xidmət orqanları ilə əlaqələri, “Abzas Media”nı idarə edən və layihələr hazırlayan şəxslərin keçmişləri məhz Qərb xüsusi xidmət orqanlarına bağh ictimai təşkilatlarda, mediada fəaliyyət göstərmələri, layihələrin həyata keçirilmə vaxtı, maliyyə ayrılan layihələr vasitəsilə toplanan informasiyaların məzmunu və sonra da bu informasiyaların OCCRP-nin materiallarında və Qərb mediasında Azərbaycan dövlətinə qarşı təzyiq üçün istifadə olunması daha geniş məqsədlərə aydınlıq gətirir.
Bu ilin aprelin 9-da ADA-da keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəyyən Qərb təsisatlarının, donorların bu məqsədini daha dəqiq ifadə etmişdi – ictimai rəyi hökumətin əleyhinə və müxalifətin xeyrinə dəyişməklə ölkədə sabitliyi pozmaq, cəmiyyətdə inqilabi əhval-ruhiyyə formalaşdırmaq və sonda da hakimiyyətə “kukla rəhbər” gətirmək!
“Abzas Media”ya ən çox pul ayıran hansı təşkilatlar olub?
Hər şeydən əvvəl, o fakta da mütləq diqqət yetirmək gərəkdir ki, “Abzas Media”ya davamlı şəkildə və ölkə qanunvericliyini pozmaqla qrant ayıran, necə deyərlər, bu şəbəkəni pulsuz qoymayan donorların hamısı təqdim olunan konkret “layihələr üzrə Azərbaycanda qrant vermək hüququ əldə etməyən, əksinə, tutduqları ermənipərəst mövqeyə görə dəfələrlə Azərbaycan dövləti ilə ciddi problemlər yaşamış təşkilatlardır.
Daha konkret desək, “Abzas Media” məhz bilərəkdən Azərbaycan dövləti ilə konfliktli, düşmən münasibətlərdə olan cinahda yer almış xarici donor təşkilatlardan KİV və QHT haqqında qanunvericliyin tələblərini də açıq şəkildə pozmaqla maliyyə dəstəyi almağa daha çox can atıb və onlar da çox həvəslə bu pulu ayırıb, üstəlik, necə xərclənməsinə də bilərəkdən – sonrakı əsas tapşırıqlara həvəsləndirmək və daha geniş şəbəkə formalaşdırmaq məqsədilə göz yumublar.
Gəlin, əvvəlcə, siyahıdakı təşkilatlara, ayrılan məbləğlərin həcminə və “layihələrin həyata keçirildiyi tarixlərə baxaq:
1. “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (Prague Civil Society Centre) – 1 sentyabr 2020-ci il tarixdən 1 mart 2021-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 33 532.80 manat təşkil edən 16 min avro;
2. “Freedom House” təşkilatı – 1 dekabr 2021-ci il tarixdən 1 aprel 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 4 250 manat təşkil edən 2 500 ABŞ dolları;
3. “People in Need” (PIN) təşkilatı – 1 dekabr 2021-ci il tarixdən 31 may 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 19 427.98 manat təşkil edən 9 960 avro;
4. “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (Prague Civil Society Centre) – 1 avqust 2021-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 60 576.80 manat təşkil edən 29 990 avro;
5. “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy – EED) – 1 aprel 2022-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 56 430 manat təşkil edən 30 min avro;
6. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya Fondu – (National Endowment for Democracy – NED) – 2021-ci ilin iyul ayından 2023-cü ilin fevral ayınadək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 76 500 manat təşkil edən 45 min ABŞ dolları;
7. Amerika Birləşmiş Ştatlarının “Internews” təşkilatı – 1 iyun 2022-ci il tarixdən 1 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 6 800 manat təşkil edən 4 min ABŞ dolları və eyni təşkilatla 1 noyabr 2022-ci il tarixdən 1 iyul 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 13 600 manat təşkil edən 8 min ABŞ dolları;
8. “Freedom Now” təşkilatı – 1 avqust 2022-ci il tarixdən 1 may 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 8 500 manat təşkil edən 5 min ABŞ dolları;
9. “Norveç Helsinki Komitəsi” (Norwegian Helsinki Committee) – 1 oktyabr 2022-ci il tarixdən 1 mart 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alnmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 8 430.75 manat təşkil edən 4 500 avro;
10. “People in Need” (PIN) təşkilatı – 1 aprel 2023-cü il tarixdən 1 sentyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 15 302.40 manat təşkil edən 8 min avro;
11. “Niderland Helsinki Komitəsi” (Netherlands Helsinki Committee) – 1 avqust 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 9 346 manat təşkil edən 5 min avro;
12. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) – 1 fevral 2023-cü il tarixdən 1 fevral 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 85 000 manat təşkil edən 50 min ABŞ dolları;
13. “Avropa İttifaqı Müstəqil Media Naminə” (EU 4 Independent Media) araşdırma jurnalistikasına dəstək proqramının icrasını həyata keçirən “DT Global” təşkilatı – 24 avqust 2023-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 91 505.73 manat təşkil edən 49 300 avro;
14. “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy – EED) – 1 avqust 2023-cü il tarixdən 1 avqust 2024-cü il tarixədək olan dövrü əhatə edən və müvafiq qaydada qeydiyyata alınmamış qrant müqaviləsi üzrə həmin dövrün məzənnəsi ilə 56 076 manat təşkil edən 30 min avro.
Təkcə bu siyahıdan aydın görünür ki, Azərbaycanın Avropa İttifaqı və ABŞ ilə diplomatik müstəvidə münasibətlərinin gərginləşdiyi dönəmlərdə “Abzas Media”ya ölkə qanunvericiliyinin tələblərinə zidd şəkildə ayrılan qrantların həcmində də xeyli artım olub və ictimai rəyi hökumət əleyhinə yönləndirməyə çalışan kiçik bir “qurum” bəlli bir müddət ərzində Qərb institutlarının maraq və mənafeləri ilə tam şəkildə üst-üstə düşən bir neçə iri layihəni yerinə yetirməyi öz üzərinə götürüb: həssas təbəqələrin – müharibədən çıxmış insanların, şəhid və qazi ailələrinin sosial problemlərinin, müharibə iştirakçılarını hökumətdən narazı salan səbəblərin, açılmamış cinayətlərin, icra edilməmiş məhkəmə qərarlarının, ekoloji problemlərin, regionlarda işsizliyin araşdırılması, videoformatlarda hazırlanması və mediada kütləvi yayımının təşkili, eləcə də müxtəlif təlimlər adı altında bu araşdırmaları aparacaq “araşdırmaçı-jurnalist” şəbəkəsinin hazırlanması…
Bir daha xatırladaq ki, adları qeyd olunan təşkilatların “Abzas Media”ya ayırdıqları 545 278.46 manatın 459 294.57 manatını əvvəlcədən aralarında müəyyən etdikləri rol bölgüsü və sistemli hərəkət planına uyğun olaraq Ülvi Həsənov, Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə və qeyriləri 2020-2023-cü illər ərzində ayrı-ayrı vaxtlarda birlikdə və tək halda müxtəlif xarici ölkələrə etdikləri səfərlər zamanı mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə xaricdə nağdlaşdıraraq və birbaşa nağd şəkildə Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisinə gətiriblər. Ümumi məbləğin 3 516.31 manatını xarici səfərlər zamanı müxtəlif malların alınmasına xərcləyən dəstə üzvləri 82 467.58 manat məbləği isə məhz Azərbaycandakı bankların bankomatlarından çıxarmaq yolu ilə nağdlaşdırıb aralarında bölüşdürüblər.
Niyə anonim bank kartlarından, məxfiləşdirilmiş elektron kanallardan və mənzil-ofislərdən istifadə edilib?
“Abzas Media”çıların cinayət işində diqqəti xüsusilə çəkən detallardan biri özünü media orqanı kimi təqdim edən heyətin fəaliyyətində hədsiz dərəcədə məxfiçilik tədbirlərinə – xüsusi rabitə kanallarına, yazışmalarda öncədən müəyyənləşdirilmiş şərti adlara və parollara, əsas fəaliyyətin ictimai diqqətdən gizli saxlanılmasına, ələkeçmə ehtimalının öncədən nəzərə alınaraq dəlil-sübutların saxlanmamasına və yalnız elektron fəaliyyətə üstünlük verilməsidir.
Məsələn, “Abzas Media”çılar bütün yazışmalarını kağız üzərində deyil, bir neçə qat təhlükəsizlik tədbiri görülmüş xüsusi şifrəli proqramlar və “protonmail.com” elektron poçtu üzərində aparıblar, eyni zamanda, öncədən verilmiş təlimata uyğun olaraq, məlumatları göndərdikdən dərhal sonra onu platformadan siliblər.
Ofis kimi isə daha ucuz başa gələn biznes-məkanlardan deyil, məhz yaşayış mənzillərindən istifadə edilməsinə üstünlük verilib, bina komendantlarına da jurnalist fəaliyyəti ilə deyil, vəkillik xidməti ilə məşğul olduqlarını deyiblər.
Başqa bir mühüm fakt isə Ülvi Həsənovun üzərindən çıxan anonim bank kartlarıdır. Üstündə hər hansı bank rekvizitləri olmayan “5295653105087836”, “5295653105146079”, “5295653105183106” və “5295653105183288” nömrəli plastik xarici bank kartlarından dünyanın istənilən nöqtəsində istifadə etmək mümkündür, ancaq nə istifadəçinin, nə də hesab sahibinin adı bilinir.
İstintaq şahid ifadələri əsasında müəyyən edib ki, bu anonim kartları Ülvi Həsənova “Avropa Demokratiyaya Yardım Fondu”nun nümayəndəsi məhz maliyyə əməliyyatlarında da məxfiçiliyin təmin edilməsi məqsədilə verib və ondan həm Azərbaycanda, həm də xaricdə istifadə edilib.
Həmin şahid ifadələrində bildirilir ki, hətta Ülvi Həsənov bu kartdan Azərbaycanda pul çıxardığına görə, dəfələrlə Sevinc Vaqifqızı tərəfindən sərt şəkildə tənbeh də edilib. Sevinc Vaqifqızı Ülvi Həsənovu qınayırmış ki, ehtiyatsızlığı, məxfiçilik qaydalarına əməl etməməsi sonda onları ələ verəcək.
Yeri gəlmişkən, onu da xüsusi vurğulamağa ehtiyac var ki, həm Ülvi Həsənov, həm də gənc jurnalistlərə təlimlərdə məxfiçilik qaydalarını öyrədən Sevinc Vaqifqızı ilkin dindirmə zamanı “Abzas Media”nın hər hansı maliyyə mənbəyinin olmadığını və öz şəxsi vəsaitləri hesabına fəaliyyət göstərdiklərini bildirsələr də, istintaqın onların qeyri-qanuni maliyyə və sahibkarlıq fəaliyyətləri ilə bağlı təqdim etdiyi dəlil-sübutlardan sonra ifşa qorxusuyla sonrakı mərhələdə ifadə verməkdən imtina ediblər…
Qərb kəşfiyyatının kök atdığı məkan – qonşu və dost Gürcüstan!
“Abzas Media” işində təqsirləndirilən şəxslərin ən çox gedib-gəldikləri və pul nağdlaşdırdıqları ünvan isə qonşu Gürcüstandır. Bu bir həqiqətdir ki, uzun illərdir Gürcüstan ərazisi, faktiki olaraq, bütün Cənubi Qafqaz regionunda Qərb kəşfiyyatına bağlı QHT-lərin həm toplanış və təmərküzləşmə, həm də idarəetmə, əlaqələndirmə və maliyyələşmə mərkəzi kimi çıxış edir.
Ötən il Gürcüstan parlamenti böyük çətinliklə ərazisindəki bu təhlükəli durumu aradan qaldırmaq və xarici müdaxilənin qarşısını almaq məqsədilə “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul etsə də, Qərbin ciddi müqaviməti ilə üzləşmiş və hətta sabiq prezident Zurabişvilinin iştirakı ilə ölkədə əməlli-başlı inqilabi situasiya yaradılmışdı. Yalnız Gürcüstan hökumətinin sonadək dirənişi, geri addım atmaması Qərb mərkəzlərinin planını pozmuşdu. Bununla belə, son 12 ildə Gürcüstanda xeyli güclənən Qərbin QHT şəbəkəsi hələ də öz gücünü və regionun digər ölkələrinə, o cümlədən Azərbaycana əhəmiyyətli təsirlərini qoruyub saxlayır.
Gürcüstan ərazisindəki QHT-lərin ofisləri və banklar “Abzas Media” işində adı keçən şəxslərin də tez-tez baş çəkdikləri ünvanlar olublar.
Cinayət işinin materiallarına əlavə edilmiş sərhəd keçmə hesabatından aydın olur ki, “Abzas Media” işində təqsirkar kimi adı keçənlərin demək olar, hamısı həm müxtəlif, həm də eyni vaxtlarda Gürcüstanda olublar.
Məsələn, Ülvi Həsənov 1 aprel 2012-ci il tarixdən 20 noyabr 2023-cü il tarixədək olan müddətdə 58 dəfə ölkə hüdudlarını tərk edib və geri qayıdıb ki, onun da 30-dan çoxu ya birbaşa Gürcüstana olub, ya da Gürcüstan ərazisindən istifadə edilməklə səfər həyata keçirilib.
Təkcə 1 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Ülvi Həsənov 8 dəfə Gürcüstanın dövlət sərhədini keçərək həmin ölkəyə səfərlər edib.
Göstərilən bu müddət ərzində Məhəmməd Kekalov 7, Sevinc Abbasova 1, Elnarə Qasımova 1, Nərgiz Absalamova 1 dəfə Gürcüstanda olublar.
Təqsirləndirilən başqa bir şəxs Fərid Mehralızadə isə 20 iyul 2015-ci ildən 28 may 2024-cü ilədək 46 dəfə xaricə gedib-qayıdıb ki, bu səfərlərin də 12-si məhz Gürcüstana olub.
Şahid ifadələrinə görə, pulların əsas hissəsi də məhz Ülvi Həsənovun “Bank of Georgia” və “TBC Bank” banklarındakı hesablarından çıxarılaraq nağdlaşdırılıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib.
Donorlar saxta hesabatlara inanıb, yoxsa bilərəkdən özlərini “inanmış” kimi göstəriblər?
Maraqlıdır ki, 3 il ərzində “Abzas Media”ya hələlik istintaqın sübuta yetirdiyi yarım milyon manatdan çox vəsait ayrılsa da, nədənsə, donorlar bu qədər vəsaitin hara, necə xərclənməsinə o qədər də nəzarət etməyiblər.
İstintaq tam şəkildə sübuta yetirib ki, Ülvi Həsənov saxta sənədlərlə, xüsusən də “gənc jurnalistlər üçün keçirilən təlimlər”ə cəlb edilmiş şəxslərin adlarından istifadə etməklə, onlara “əməkhaqqı”, “qonorar” yazsa da, o adamların əksəriyyəti bundan xəbərsiz olublar. İstintaqa çağırılan gənclərin çoxu vəsaiti qəbul etmələrinə dair sənədlərdəki imzalarının saxta olduğunu, ümumiyyətlə, onlara hər hansı vəsaitin verilmədiyini və könüllü kimi bu işlərə cəlb edildiklərini vurğulayıblar.
İngilislərin məşhur “Müftə pendir ancaq siçan tələsində olar” məsəlinin məntiqi onu deyir ki, həm avropalılar, həm də amerikalılar Ülvi Həsənovun “Abzas Media”ya ayrılan qrantları mənimsədiyindən və kiçik bir heyətlə eyni vaxtda bir neçə layihənin öhdəsindən gələ bilməyəcəyindən öncədən məlumatlı olublar, ancaq bilərəkdən özlərini bu saxta hesabatlara “inanmış” kimi göstəriblər. Çünki, bu xüsusi xidmət orqanlarını qızıl qaydalarından biridir – nəzarətsiz pullarla şirnikləndirmə, maddi-siyasi asılılıq və həvəsləndirmə yaratmaqla, layihədə nəzərdə tutulmayan işlərin, tapşırıqların yerinə yetirilməsində də çox gərəkli mənbə və örtük rolu oynayır.
Nəzərə alsaq ki, həm “Nida” hərəkatında təcrübə toplamış və həbsdə olmuş Ülvi Həsənov, həm də tənqidçi “Azadlıq” və “Meydan TV” məktəbini keçmiş Sevinc Vaqifqızı anti-Azərbaycan çevrələr üçün “yad fiqurlar” deyil, əksinə, ictimai rəyin hökumət əleyhinə yönəldilməsi işində böyük entuziazmla çalışan, sınaqdan çıxmış, inanılmış və etibarlı şəxslər sayılırlar, deməli, onların layihələrdə göstərilən məbləğləri təyinatı üzrə istifadə etməmələrinə də bilərəkdən göz yumulub.
Çünki şahid ifadələrindən anlaşılır ki, onların layihələrdə göstərilməyən siyasi məzmunlu tapşırıqları da olub – ictimai rəyi sərt tənqidi materiallarla davamlı şəkildə hökumət əleyinə körükləmək, məmur korpusunu gözdən salmaq və dövlət qurumlarını etibarsızlaşdırmaq, milli-mənəvi dəyərlərimizə qarşı gəlməyə hazır müxalif mövqeli gəncləri tapıb layihələrə cəlb etmək və onların sıralarından daha bacarıqlılarını seçərək, gərəkli ünvanlara təqdim etmək, bir növ, Qərb üçün həm sosial şəbəkələrdə, həm də kritik vəziyyətlərdə meydanlara çıxarıla biləcək potensial tərəfdarlar ordusu toplamaq!
Bu ehtimalı gücləndirən dəlillərdən biri budur ki, nə Ülvi Həsənov, nə də Sevinc Vaqifqızı gənc jurnalistlərə dəstək və təlim layihələrinə qatılmış gənclərdən hökumət mediası ilə əməkdaşlıq edənləri və milli-mənəvi dəyərlərimizin qorunmasına üstünlük verənləri o qədər də yaxın buraxmayaraq, daha çox müxalif mövqeli və dəyərlərimizə bağlı olmayan jurnalistlərlə sonrakı mərhələləri davam etdirməyə üstünlük veriblər və yekunda da onları Qərb təbliğatını aparan media resurslarında işləməyə cəlb ediblər.
İstintaq onu da müəyyənləşdirib ki, “Abzas Media”çılar üçün donor təşkilatlar qarşısında zəmanətçi kimi çıxış edən nüfuzlu və Qərb təsisatları qarşısında daha etibarlı şəxslər də olub. Məsələn, cinayət işinin materiallarından aydın olur ki, Ülvi Həsənov köməkçisi Məhəmməd Kekalova bir neçə dəfə donor təşkilatlarla yazışmada Xədicə İsmayıldan, Turqut Qənbərdən məsləhət aldıqlarını, onlarla sıx əməkdaşlıq şəraitində işlədiklərini yazmağı tapşırıb.
Füzuli və Zəngilan aeroportlarının tikintisi niyə “Abzas Media”nın hədəfində olub?!
İstintaq onu da müəyyən edib ki, “Abzas Media”çıların eyni vaxtda bir neçə xarici donora təkilf etdikləri və eyni zamanda bir neçə donordan böyük maliyyə vəsaiti əldə etdikləri əsas mövzu Qarabağda aparılan yenidənqurma və bərpa işlərindəki korrupsiya faktlarının araşdırılması ilə bağlı olub.
Xüsusən də, Füzuli və Zəngilan aeroportlarının hansı şirkətlər tərəfindən tikildiyi, şirkətlərin arxasında hansı məmur-oliqarxların durduğu, aeroportların hərbi təyinatlı olub-olmadığı haqda hətta hərbi sirr sayılacaq məlumatların belə əldə edilməsinə inadlı cəhdlər olub və bu mövzuda hazırlanmış 12 videoreportaj “Abzas Media”nın sosial şəbəkə hesabları üzərindən geniş yayılıb.
Videoreportajlarda əsas vurğu hökumətin apardığı bu irimiqyaslı layihələrin korrupsiya məqsədli olduğuna yönəldilərək, görülən işlərin ictimai rəydə gözdən salınmasına və sosial şəbəkələr üzərindən hökumət əleyhinə ictimai etirazların təşkilinə, yönləndirilməsinə cəhdlər olunub…
Artıq fəaliyyətini dayandırmış “Turan” Informasiya Agentliyinın sabiq redaktoru, apardığı araşdırmalara görə 2019-cu ildə “Azad Media” mükafatına və 15 min avroya layiq görülmüş Hafiz Babalı da məhz bu proses çərçivəsində “Abzas Media” ilə əməkdaşlığa cəlb edilib.
Hafiz Babalı istintaqa təsdiqləyib ki, ona Qarabağdakı tikinti işlərini araşdırmaq təklifini məhz Sevinc Vaqifqızı verib və bundan sonra Ülvi Həsənovla görüşərək, maliyyə məsələlərini danışıb, alacağı qonorarın Gürcüstanda çoxdan mövcud olan bank hesabına köçürülməsini razılaşdırıb, ancaq Ülvi Həsənov vəd etdiyi məbləği sonra ödəyəcəyini deyib…
Yeri gəlmişkən, istintaq Sevinc Vaqifqızı ilə Hafiz Babalının əvvəllər də qaçaq yollarla xaricdən pul gətirmə işində əməkdaşlıq etdiklərinə dair sübutlar əldə edib. Hər ikisi bu məqsədlə 2014-2015-ci illərdə birlikdə Gürcüstanda və Ukraynada olublar.
Beləliklə, hazırda məhkəmələri keçirilən “Abzas Media”çılar nə qədər özlərini mələk qismində göstərməyə, guya, hökuməti tənqid etdiklərinə və jurnalistlik fəaliyyətlərinə görə həbs edildikləri təəssüratını yaratmağa çalışsalar da, hüquq-mühafizə orqanlarında aparılmış istintaqla onların ölkə qanunvericliliyinin çoxsaylı tələblərini açıq şəkildə pozmaqla qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, külli miqdarda maliyyə vəsaitini saxta sənədlər də hazırlamaqla əldə etdikləri və o pulları qeyri-qanuni şəkildə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdikləri tam sübuta yetirilib.
İndi görək, “Abzas Media”çılar istintaqın ortaya qoyduğu bu dəlil-sübutlara məhkəmədə nə cavab verəcəklər?!
Ətraflı süjetdə: