Bakı, 5 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group” şirkətinin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri qeyd olunub. "Carlsberg Group" şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti, investisiyaların dəstəklənməsi, yerli istehsalın artırılması, əldə edilən nəticələr və potensial addımlar müzakirə olunub.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.