Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Sumqayıtda və Kürdəmirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə, Bakıda isə 9 May - Qələbə Gününə həsr olunmuş kikboksinq yarışları başa çatıb.
İdman.biz xəbər verir ki, yarışlarda 600-ə yaxın idmançı iştirak edib.
Turnirlər Sumqayıt Olimpiya və Kürdəmir Olimpiya Komplekslərində, Bakıda isə Şağan Olimpiya Kompleksində baş tutub.vFederasiya prezidenti Orxan Əliyev Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərin federasiya tərəfindən silsilə şəkildə keçirildiyini qeyd edib: “Hər bir azərbaycanlının qürur mənbəyi olan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyi üçün mayakdır. Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət heç bir zaman unudula bilməz. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər arasında idmana böyük maraq yaranıb və onlar böyük həvəslə yarışlarda iştirak edirlər. Bu istiqamətdə tədbirlərimiz digər regionlarda da davam edəcək”.
Yarışları Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının üzvlərindən ibarət 50-dən çox hakim idarə edib.
Qalib idmançılara Ulu Öndərin adı əks olunan kubok, medal və fəxri diplomlar təqdim edilib.
İdman.biz