Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının lideri Serj Sarkisyan bəyan edib ki, hakimiyyət dəyişikliyində siyasi qüvvələr və vətəndaş cəmiyyəti ilə yanaşı, hüquq-mühafizə sistemi də böyük rol oynayır:
“İndi məqsədimiz nədir: iqtidarı dəyişmək, yoxsa iqtidara müxalifət olaraq işləmək? Bu çox vacib məsələdir. İndi biz qərar verəcək institutlar qurmuşuqsa ki, hər şey qaydasında olsun, lütflə seçkiləri gözləyək, onda ölkədə heç nə dəyişməyəcək”.
Serj Sarkisyan yenə də təfərrüatları açıqlamadan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vaxtının gəldiyini və onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının bunu etmək planının olduğunu bildirib. Sarkisyan Ermənistan Universitetinin tələbələri ilə görüşündə yenidən Robert Köçəryanla münasibətlərə toxunub və əmin edib ki, ikinci prezident onun düşməni deyil. 2018-ci ildə xalq hərəkatı tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Sarkisyan qeyd edib: “Mənim mübarizəm Ermənistanda hakimiyyət üçün deyil, hakimiyyət dəyişikliyi uğrundadır”. Qeyd edək ki, ikinci və üçüncü prezidentlərin hakimiyyətə keçid vasitələri ilə bağlı fikir ayrılığı var. Sarkisyandan fərqli olaraq, Köçəryan hesab edir ki, Paşinyanı seçki yolu ilə kənarlaşdırmaq olar. Robert Köçəryanın fikrincə, ölkədəki vəziyyəti dəyişmək üçün müxalifət qüvvələrinin əməkdaşlığı mümkündür. İkinci prezidentin özü də Respublikaçılar Partiyası ilə Köçəryanın tərəfdarları arasında mövqe fərqlərinin olduğunu bildirir. O, Nikol Paşinyana seçkilərdə qalib gəlməsinin mümkünlüyündə israr edir. Bu mövqe qeyd olunduğu kimi Ermənistanın üçüncü prezidentinin yanaşması ilə üst-üstə düşmür. Köçəryan bununla bağlı bildirir: “Respublikaçılar öz müsahibələrində bu tezisi deyirlər ki, seçki yolu ilə heç bir uğur əldə etmək mümkün deyil, elə deyilmi? Mən belə düşünmürəm. Bu, fikir ayrılığıdır? Bəli, fikir ayrılığıdır, amma bu, dialoqa, bəzi məsələlərin müzakirəsinə yol açırmı? Təbii ki, yox”. Bundan öncə isə Serj Sarkisyan Robert Köçəryanı sərt ittiham edib. O, Respublikaçılar Partiyasının 35-ci ildönümü tədbirində Köçəryanın adını çəkməsə də bildirib ki, onun tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefasına səbəb olublar. Bu səbəbdən də Paşinyanın sonrakı illərdə Ermənistana və Qarabağa yaşatdıqlarında onların da əli olduğunu deyib. Onun sözlərinə görə, həmin şəxslər indi də “çox uzaq olmayan keçmişlərini təmizləmək” məqsədilə onu 2018-ci ilin “məxməri inqilabı”nda günahlandırırlar. Sarkisyan həmin şəxsləri gələcək seçkilər ərəfəsində müxalifətin səslərini oğurlamağa cəhd etməkdə ittiham edib. Ancaq son açılamalar göstərir ki, sabiq prezidentlər, “Qarabağ klanı”nın faktiki rəhbərləri olan bu şəxslər birləşmək niyyətinə düşüblər. Məsələ burasındadır ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri sürətlə yaxınlaşır. Erməni kilsəsinin və “Qarabağ klanı”nın nəzarəti altında olan radikal müxalif düşərgə parlament seçkilərinə qədər Paşinyan hakimiyyətinin devrilməsi üçün artıq planlar qurur.
Paşinyan da geri çəkilmir. Onun sözlərinə görə, Ermənistanda “Qarabağ hərəkatı” davam etməyəcək. Daha əvvəl isə Paşinyan Serj Sarkisyan və Robert Köçəryanı tənqid edərək onları “yarıcanlı” adlandırıb. Paşinyan bu ifadəni keçmiş prezidentlərin onun 2018-ci ildə hakimiyyətə gəlməsinə kimin səbəb olduğu barədə açıq mübahisəsinə cavab olaraq işlədib: “İki yarıcanlı şəxs ətrafındakı insanlarla mənim hakimiyyətə gəlməyimə kimin səbəb olduğu barədə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edirlər... Deyin, bu seçki saxtakarlarını və hakimiyyət qəsbkarlarını kim irəli çıxarıb”. Lakin fakt budur ki, “Qarabağ klanı” Paşinyan hakimiyyəti üçün ciddi təhlükə mənbəyidir. Onun başında dayananlar Qarabağdan olan ermənilərdir və vaxtilə Qarabağda separatizmi alovlandıran, münaqişəni qızışdıran və sonradan Ermənistanda hakimiyyətə gəlmiş şəxslərdir. Paşinyan anlayır ki, “Qarabağö hərəkatı” güclənəcəksə, yenidən qarışıqlıq yaratmağa çalışacaqsa və bu qüvvələrə Rusiya tərəfindən dəstək göstəriləcəksə, onun hakimiyyəti üçün təhlükə yaranacaq. Düzdür, Paşinyan hazırda Ermənistan cəmiyyətində favoritdir və dəstəyi yetərincə olmasa da, digər qüvvələrə nisbətən öndədir. Paşinyan bu durumdan istifadə edərək çalışacaq ki, “Qarabağ hərəkatı”nı beşikdəcə boğsun. O, öz çıxışlarında 44 günlük müharibədəki məğlubiyyətin səbəbkarı kimi məhz həmin qüvvələri, “Qarabağ klanı”nı göstərir, onları günahlandırır. Bununla bir növ, erməni cəmiyyətinə mesaj verir ki, “Qarabağ hərəkatı” adlı qurumda olanlar faciələrin səbəbkarlarıdırlar və hakimiyyətə gəlsələr, yenə də özləri ilə faciələr gətirəcəklər. Əslində Paşinyan bu fikirlərində həm də haqlıdır. Çünki “Qarabağ klanı” adlandırılan bu qüvvələr hələ də revanşist bəyanatlar verirlər, yenidən Qarabağı işğal etmək planlarından danışırlar. Məlumdur ki, yenidən işğala cəhd Ermənistanın tamamilə məhvi ilə nəticələnəcək. Azərbaycan tərəfindən ən yüksək səviyyədə bəyan edilib ki, növbəti işğala cəhd Ermənistan üçün çox acı nəticələr verəcək. Qarşı tərəf bundan lazımi nəticə çıxarmasa, Azərbaycan müvafiq addımlar atacaq.
Nahid SALAYEV