Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) CELI (Certificato di Conoscenza della Lingua Italiana) imtahan mərkəzinin açılışı olub. Mərkəzin açılışı İtaliyanın Peruca Əcnəbilər Universiteti ilə ADU-nun birgə əməkdaşlığı çərçivəsində universitetin İtalyan Dili Mərkəzinin nəzdində baş tutub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədəADU-dan məlumat verilib.Açılış mərasimindən öncə Peruca Əcnəbilər Universitetinin rektoru professor Valerio de Cesaris, İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko və digər qonaqlarla görüş keçirilib.
Görüşdə ADU-nun rektoru akademik Kamal Azərbaycan ilə İtaliya arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr olduğunu qeyd edib. Rektor iki ölkə arasında əlaqələrin inkişafında təhsil sahəsində görülən işlərin vacibliyini diqqətə çatdırıb: “Azərbaycan ilə İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri özünü bütün sahələrdə göstərməkdədir. İtaliyada fəaliyyət göstərən universitetlərlə qarşılıqlı əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq əlaqələrinin qurulması, müəllim-tələbə mübadiləsinin aparılması, elmi tərəfdaşlıq əlaqələri Azərbaycan və İtaliya münasibətlərinin inkişafına töhfə verir.
CELI imtahan mərkəzinin fəaliyyətə başlaması təkcə elmi deyil, həmçinin tərəfdaşlıq münasibətlərimizin inkişafı baxımından çox vacibdir. İnanıram ki, mərkəz həm müəllimlərimiz, həm də tələbələrimiz üçün yeni elmi uğurların əldə edilməsində önəmli olacaq”.
Peruca Əcnəbilər Universitetinin rektoru professor Valerio de Cesaris çıxışında qeyd edib ki, iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.
Yeni açılan mərkəz haqqında danışan qonaq ADU ilə Peruca universiteti arasında əlaqələrin davamlı olacağına əminliyini ifadə edib.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko çıxışında qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələrin inkişafı özünü təhsil və elm sahəsində də göstərməkdədir. ADU-nun Peruca Universiteti ilə əməkdaşlığının önəmindən söz açan səfir gələcək elmi əməkdaşlıq baxımından yeni perspektivlərin mövcudluğundan bəhs edib.
Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli Azərbaycan-İtaliya münasibətlərinin inkişafından, universitetlər arasında elmi əməkdaşlığın faydalarından danışıb.
Bildirilib ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu haqda dəfələrlə bəyanat verilib.
Çıxış edən digər qonaqlar ADU ilə Peruca Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən söz açıblar.
Daha sonra Azərbaycan Dillər Universiteti ilə Peruca Əcnəbilər Universitetinin (Università per Stranieri di Perugia) birgə əməkdaşlığı çərçivəsində İtalyan Dili Mərkəzinin nəzdində CELI imtahan mərkəzinin açılışı olub.
Açılışda tələbələrin hazırladıqları bədii hissə nümayiş olunub.