“Bəşər Əsəd rejimin devrilməsindən sonra Bakı ilə Dəməşq arasında sıx təmasların qurulması ölkələrimiz arasında yeni əməkdaşlıq səhifəsi açıb. Azərbaycan tərəfi Əsəd rejiminin çöküşündən dərhal sonra Suriyanın yeni hakimiyyətinə siyasi dəstək verərək ölkənin üzləşdiyi böhrandan çıxmasında öz yardımını və əməkdaşlığını təklif edib. Ötən qısa müddət ərzində ikitərəfli münasibətlərin inkişafı məqsədilə diplomatik münasibətlər yenidən bərpa edilib və qarşılıqlı səfərlər, görüşlər keçirilib. Aprelin 11-də isə Antalya Beynəlxalq Diplomatiya Forumu çərçivəsində cənab Prezident İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş baş tutub. Görüşdə Prezident İlham Əliyev Dəməşqlə əlaqələrin ən yüksək səviyyədə olmasını qarşı tərəfə çatdıraraq, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu bir daha bəyan edib. Tərəflər energetika, humanitar, elm, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd ediblər. Artıq biz ikitərəfli münasibətlərin görüşlər və danışıqlar mərhələsində real əməkdaşlıq mərhələsinə keçidin şahidi olmaqdayıq. Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriyayə səfəri bu istiqamətdə atılan addımdır”.
Bunu Paralel.az -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədrinin sözlərinə görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. “Səfər zamanı tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycanın mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparılıb”, - o qeyd edib.
Deputat əlavə edib ki, Bakı ilə Dəməşq arasındakı əməkdaşlıq münasibətlərinin inkişafı regional əməkdaşlığın inkişafına və təhlükəsizliyin yaranmasına öz təhfəsini verəcək. “Bu gün Suriya yeni siyasi reallıqlarla üz-üzədir və beynəlxalq arenada yeni tərəfdaşlarla münasibətlər qurmağa çalışır. Azərbaycan Suriya üçün təhlükəsizlik və mədəni əməkdaşlıq sahəsində etibarlı tərəfdaş ola bilər. Əminəm ki, Bakı-Dəməşq münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, eyni zamanda Azərbaycan-Türkiyə-Suriya üçtərəfli əməkdaşlıq formatda da birgə layihələrin icrası ilə daha da inkişaf etdiriləcək. Biz bu səfərlərin və aparılan danışıqların nəticəsi olaraq yaxın gələcəkdə ikitərəfli və üçtərəfli formatlarda regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə töhfə verən konkret layihələrin şahidi olcağıq. Çünki əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bakı-Dəməşq münasibətlərinin dinamik inkişafı yeni mərhələyə qədəm qoymaqla Azərbaycanın Yaxın Şərq regionunda da daha ciddi oyunçu qismində çııxş edərək, mövqeyinin möhkəmlənməsi istiqamətində növbəti addımı olacaq”, - komitə sədri bildirib.
Mürtəza
Paralel.az