Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Psixoterapevt İlkin Kazımlı: “İnternet asılılığı olan insanlar həyatda uğursuz olan xüsusiyyətlərini ört-basdır etmək üçün bu davranış formasını ortaya çıxarırlar”
“Telefon asılılığı olan gənclərlə səmimi və dürüst münasibət qurmaq vacibdir”
Hər bir valideyn övladının ata-anası olmaqla yanaşı, onun dostu, sirdaşı olmalıdır. Bir çox valideynlər, xüsusilə də yaşlı nəslin nümayəndələri müasir gənclərin təlim-tərbiyəsinin “pozulmasında” zəmanəni günahkar çıxarırlar. Bəli, zəmanə dəyişir, dünya görüşlərimiz artır, müəyyən biliklərə sahib oluruq, az-çox hüquqlarımızı da bilirik. Zəmanə keçmişə doğru yox, gələcəyə doğru dəyişir. Bu isə bizlər üçün böyük şansdır.
Ən böyük şanslardan biri də odur ki, Azərbaycan dövləti və Prezidenti hər zaman gənclərin yanında olub. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar: “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Dövlət başçısı həmçinin şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu da vurğulayır. İ.Əliyev deyir ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. Prezidentin gənclərə qayğısı da məhz bu məntiqə əsaslanır. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur.
Bütün bunlarla yanaşı, onu da etiraf etməliyik ki, valideyn olmaq ən çətin “peşə”lərdən biridir. Asılı valideyn asılı da uşaq böyüdür. Öz səhvlərini görmür, ancaq özünün istədiyi kimi bir övlad yetişdirir. Belə ailələrdə uşağa qoyulan qadağalar çox olur. Qadağalar hər yaşda olmalıdır, amma bunu hər bir insan özü-özünə etməlidir.
Asılılıq ağır bir xəstəliyin xəbərçisidir. Bəs, ondan xilas olmaq mümükündür? Bu kimi sualların cavabını “Hiss” Psixoterapiya Mərkəzinin rəhbəri, klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə söhbətimizdə cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/asililigin-sebebini-bir-faktora-baglamaq-olmur---psixoterapevt-448313)
- Hazırda cəmiyyətin ən ciddi problemlərindən biri də narkomaniyanın xüsusilə də yeniyetmə və gənclər arasında yayılmasıdır. Sizcə, bu məsələdə valideynlə yanaşı, məktəbin də üzərinə məsuliyyət düşürmü?
- Ümumiyyətlə, bu pozuntunun nəticəsində evdə konfliktlər yarana bilər. Məsələn, “mənim uşağım əsla etməz”, “bu uşaq sənin ucbatından belə oldu”, “Biz daha yaxşı ana-ata ola bilmədik”, “Mən səni bunun üçünmü yetişdirdim?!”, “Mənim belə uşağım ola bilməz”, “Səndən adam olmayacaq” və s. kimi cümlələr pozuntunun daha da şiddətlənməsini artıra bilər. Bundan əlavə, uşağı dinləməli və qərəzli davranmadan onu anlamağa çalışmaq faydalı olacaqdır.
Yeniyetmə və gənclərə narkotik maddələrin zərərli təsirləri və asılılıq mövzusunda yaşlarına uyğun düzgün informasiyalar vermək, ailə sistemində güclü və pozitiv bağlar inşa etmək, valideynlərin uşaqlarının dost olduğu şəxslərdən və sosiallaşdıqları ortamlardan xəbərdar olması, açıq anlaşılan qaydalar qoyma və qaydalara əməl etmə mövzusunda bütün ailə üzvlərinin həssasiyyət göstərməsi, məktəb, sivil cəmiyyət quruluşu ilə təmasda olmaq lazımdır. Digər hallarda, valideynlərin professional dəstək almalarında da fayda olacaqdır.
- Son illərdə yeniyetmələr arasında sosial şəbəkələrdən asılılıq da ciddi şəkildə artıb. Sizcə, bu problemdən çıxış yolu nədir?
- Bəli, yeniyetmələrdə olan digər asılılıq növü də internet və sosial şəbəkələrə olan asılılıqdır. İnternet və sosial şəbəkələrə olan asılılıq adətən internetin hədsiz istifadəsi, qarşısıalınmaz istəyin olması, internetdən vacib iş olmadan lazımsız formada istifadə, internet olmadıqda hədsiz əsəbilik halı və hücumedici davranışların olması və şəxsin iş, sosial və ailəvi həyatının gedərək pozulması halıdır. Təəssüf olsun ki, ölkəmizdə sosial şəbəkələr gənclər arasında düzgün formada istifadə olunmur. Sosial şəbəkələrdə əksər hallarda əxlaqsızlığa, kriminala, zərərli vərdişlərə aid paylaşımlar olur. Təbii ki, həmin paylaşımı edən şəxslərin özünəməxsus formada müəyyən plan və niyyətləri vardır. Lakin bu kimi paylaşımlar artıq təbliğ formasını aldığına görə, insan həyatının həssas dövrü olan yeniyetmə və gənclərə birbaşa təsir edərək, onları da həmin istiqamətdə addım atmağa sürükləyir. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür ki, məcburi formada yox, xoşluqla və dostcasına yanaşaraq, övladlarını həmin təbliğlərdən uzaq tutsunlar.
Hədsiz kompyuter və internet istifadəsi şəxsin psixoloji inkişaf ərəfələrinə mənfi təsir edir. Həmçinin, sosial funksionallığı üzərində də mənfi təsirlər müşahidə olunur. Xüsusilə məktəb dövrlərindəki gənclərdə olduqca sıx görülən - internetin hədsiz istifadəsi - həmin gənclərin sosial münasibətlərinə mənfi təsir edərək, onları asılı formaya çevirir.
Beynəlxalq araşdırmalarla müəyyən olunub ki, internet asılılıqlarında, eynən depressiyada olduğu kimi, bəzi mənfi düşüncələr rol oynayır. İnternet asılılığı olan insanlar həyatda uğursuz olan xüsusiyyətlərini ört-basdır etmək üçün bu davranış formasını ortaya çıxarırlar. Artıq interneti şüuraltında bir mükafatlandırıcı vasitə kimi şərti refleksə çevirirlər. Real həyata keçdikdə isə, bu insanlarda qorxu, hüzursuzluq və frustrasiya halları yaranmağa başlayır ki, bu da sonrakı depressiyanın başlanğıcıdır. Bütün bunlardan qorunmaq üçün valideynlərin atacaqları addımlar bunlardır:
- Uşağın internetdən ayrı qalıb, qala bilmədiyini təyin etmək;
- Uşağın idman aktivliklərinə qatılması;
- Relaksasiya və nəfəs texnikaları tətbiq etmə;
- Uşaqlarla dostcasına birlikdə vaxt keçirmək;
- Uşaqların yeni sosial bacarıqlarının inkişaf etdirilməsi;
- Ehtiyac olarsa, mütəxəssis dəstəyi alınması.
- Son illərdə uşaqlar arasında telefon asılılığı da ciddi şəkildə artıb. Vəziyyət o həddə çatıb ki, hətta ibtidai sinifdə oxuyan uşaqlar da özləri ilə məktəbə telefon gətirirlər. Bu məsələ necə tənzimlənməlidir? Uşağa neçə yaşından sonra telefon vermək lazımdır?
- Əsas asılılıqlardan biri də yeniyetmə və gənclər arasında olan telefon və telefonla müxtəlif oyunların oynanılması (iqromaniya) halıdır. Bayaq da qeyd etdiyimiz kimi, telefondan istifadənin düzgün yolları olmasına baxmayaraq, gənclər çox zaman yanlış və özlərinə ziyan verən formada istifadə edirlər. İnsan beyni dopamin axtarışındadır. Dopamin biz əziyyət çəkdiyimiz zaman qalıcı formada istehsal olunur. Modern dövrün gəncləri əziyyət çəkmədən dopamin əldə etmək istəyirlər. Bu isə qalıcı dopamin yox, qısa müddətli və asılı edən dopamin istehsalına səbəb olur. Məsələn, oturub kitab oxumaq əziyyətlidir, kitabı oxuyandan sonra beyin dopamin ifraz edərək bizi mükafatlandırır. Lakin gənclər asan və qısa yollarla bunu əldə edirlər. Telefonda oyun oynayırlar və orada əldə etdikləri “uğur” onlara dopamin verir. Mən həmin dopamini “süni və aldadıcı dopamin” adlandırıram.
Telefon asılılığı olan gənclərlə uyğun formada əlaqə qurmaq çox vacibdir. Səmimi və dürüst bir münasibət qurmaq və xoşmünasibət yaratmaq vacibdir. Bu vəziyyətin bir asılılıq olduğunu anlaması üçün onunla qurucu formada danışa bilərsiniz. Telefon və internet istifadəsi ilə əlaqəli konkret sərhədlər qoya bilərsiniz. Bütün bu yanaşmaları tətbiq edərkən yeniyetməyə örnək olmaq da vacibdir. Bu üzdən evdə telefon asılılığı olan yetkin insanlar da özlərinin telefon istifadəsini azaltmalıdırlar. Telefon asılılığı olan şəxsə fərqli aktivliklər təklif etmək və müəyyən hobbilər etməsi təklif oluna bilər. Bu ərəfədə dəstəkləyici və səbrli olmaq da çox vacibdir və dərhal nəticə gözləməyiniz lazım deyil. Bütün addımlara baxmayaraq, telefon asılılığı aradan qalxmırsa, professional dəstək alınması tövsiyyə olunur.
- Telefon asılılığı iqromaniyanın da genişlənməsinə səbəb olub. Təsadüfi deyil ki, hazırda reabilitasiya mərkəzlərində onminlərlə yeniyetmə və gənc oyun asılılığından xilas olmağa çalışır. Bu problemdən çıxış yolunu nədə görürsünüz?
- Bəli, digər asılılıq növü də iqromaniya - yəni onlayn formada qumar oyunlarının ödənişli və ya ödənişsiz formada oynanılmasıdır. Əslində, bu internet üzərindən olan bir oyun olsa da, ümumi sinifləndirilməsi DSM-5 kateqoriyasına əsasən tipik qumar olaraq bilinir və narkotik asılılıqlar qrupuna aid olunur. Çünki hər ikisinin yaranma ardıclılığı demək olar ki, eynidir. Bu asılılığa çox zaman artan miqdarlarda pulla bəhsə girmək, qumar oynama davranışının dayandırılmaması, zehnin davamlı onlayn qumarla məşğul olması, qumar oynamağın həyatdakı digər maraq dairələrindən və gündəlik fəalyyətdən daha ön plana çıxması, mənfi nəticələrin ortaya çıxmasına baxmayaraq qumar oynamağa davam edilməsi və ya artan qumar oynama motivasiyasının olması səbəb olur.
“Hürriyyət”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.